Elxan ŞAHİNOĞLU

****

ABŞ-da prezidentlərə və prezidentliyə namizədlərə qarşı sui-qəsdlərin uzun tarixi var. Bunlardan ikisi Amerika tarixində dərin iz buraxıb. Çünki, bu iki sui-qəsdin arxasında dərin dövlətin dayandığına dair iddialar var.

Avraam Linkoln 1865-ci ildə vətəndaş müharibəsinə son qoydu, şimal ştatları cənub ştatları üzərində qələbə qazandı. Linkoln elə həmin il Vaşinqtonda teatr binasında sui-qəsdə məruz qaldı. Linkoln müharibədə qələbə çalsa da, işi yarımçıq qaldı. Müharibə cənub ştatlarında quldarlığa son qoymaq məqsədilə başlamışdı.

Müharibədən sonra qaradərililər müxtəlif azadlıqlar əldə etsələr də, Amerikanın cənubunda irqi ayrı-seçkilik hələ yüz il davam etdi, buna qara dərililərin azadlığı uğrunda mübarizə aparan Martin Lüter Kinqin başlatdığı mübarizə son qoydu, onu da öldürdülər.

1963-cü ildə Prezident Con Kennedini Texasda qətlə yetirdilər. Bu da müəammalı qətl idi. Qatilin özünü də polis məntəqəsinin qarşısında qətlə yetirdilər, qatili qətlə yetirəni də öldürdülər və bu vaxta qədər bu məsələ qaranlıq qalır.

Kennedinin prezidentliyə namizəd qardaşı Roberti seçki kampaniyası dövründə öldürdülər.

Trampa qarşı sui-qəsdi həyata keçirən öldürüldüyünə görə, illər uzun “bunun arxasında hansı güclər dayanırdı” sualı da aktuallığını itirməyəcək.

Mia.az