Azərbaycanın aparıcı ali təhsil müəssisələrində rəqabət qanunvericiliyi ilə bağlı fənnin tədrisi nəzərdə tutulub.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, bu, rəqabətin inkişafı və inhisarçı fəaliyyətin qarşısının alınması üçün 2024-2026-cı illər üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb: "Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və bir sıra başqa ali təhsil müəssisələri ilə aktiv dialoqdayıq".

M.Abbasbəylinin sözlərinə görə, əsas məsələlərdən biri ölkədə rəqabətlə bağlı meyarları müəyyənləşdirməkdir: "Milli Fəaliyyət Planının əsas istiqamətlərindən biri ölkədə rəqabət indeksinin müəyyən edilməsi və bunun üçün rəqabət xəritənin hazırlanmasıdır. Bu, çox böyük data və onun təhlilini tələb edir, bir günlük proses deyil. Sonda gözlədiyimiz nəticə açıq platforma üzərindən rəqabət xəritəsinin olması, hər bir bölgədə sahibkarlıq subyektləri, onların bazar payı, istehsal etdiyi məhsullar üzrə geniş data məhsulunun ictimaiyyətə təqdim olunmasıdır"./Report