Elxan ŞÜKÜRLÜ
***
Prezident İlham Əiyev Azərbaycanı israrla NATO və Avropa İttifaqı çətiri altına sürükləyənlərin, hər gün ölkəmizin Qərbə inteqrasiyasının zəruri olduğundan pafosla danışan partiya sədrlərinin ağzının üstünə növbəti tərs şapalağını vurdu: iyulun 3-də “Asiya əjdahası” Çinlə imzalanan “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” artıq Azərbaycanın dünyada gedən geopolitik qarşıdurmada hansı cinahda yer aldığının növbəti açıq ifadəsi, dəlilidir!
Vətən Savaşından sonra – 2021-ci ilin 15 iyununda Türkiyə və 2022-ci ilin 22 fevralında Rusiya ilə imzalanan müttəfiqlik bəyannamələrinə 3 iyul 2024-cü ildə Çin Xalq Respublikası ilə strateji tərəfdaşlığı nəzərdə tutan sənədin də əlavə edilməsi və imzalanmış hər 3 sənəddə Qərbin regionumuza pozucu müdaxilələrinin qarşısını almaqda birgə fəaliyyətə imkan verən mühüm müddəaların yer alması Azərbaycanın qarşıdakı illərdə hansı xarici siyasəti izləyəcəyinə də tamamilə aydınlıq gətirir...
Görünən odur ki, Prezident İlham Əliyev Azərbaycan və Türkiyənin ortaq geopolitik layihəsi olan “3+3” formatının reallaşması üçün ardıcıl və sistemli şəkildə bütün maneələri dəf etməyə qərarlıdır.
Əgər gələcəkdə oxşar məzmunlu sənəd Azərbaycanla İran arasında da imzalanarsa, bu, Çindən və Hindistandan Avropaya gedib-gələn bütün quru yollara nəzarət imkanlarının mərkəzində Azərbaycanın durduğu böyük bir geopolitik ittifaqın əlinə keçməsi və Qərbin də son 30 il boyunca apardığı "yollara nəzarət" siyasətinin iflası demək olacaq.
MİA.AZ