Üzeyir HACIBƏYOV: "Sən sübut etdin ki, qadınlar da bəstəkar ola bilərlər"

***

Şərqdə ilk qadın bəstəkar, Azərbaycanın ilk qadın bəstəkarı, Əməkdar İncəsənət xadimi AĞABACI RZAYEVAnın xatirə günüdür.

Bu gün onun vəfatından 49 il ötür.

Hörmətlə xatırlayaq.

Ağabacı Rzayeva bütün qızlar kimi telini sığallayıb gəlin köçməyib, istədiyi kimi öz evini bəzəyib çırağını gur yandıra bilməyib. Şümşad boylu oğlan da olmayıb həyatında. Ana olub övladını bağrına basmayıb, onun könlünü ovutmaq üçün gəlincik dalınca da qaçmayıb. Amma əvəzində “Evimizə gəlin gəlir”, “Kuklam”, "Ey pəri"... kimi ürəkləri fəth edən, bu gün də dillər əzbəri olan nəğmələri ilə yüzlərlə qız-gəlinin, ananın ürəyində özünə yuva qurub...

Evimizə gəlin gəlir,

Sığallayıb telin gəlir,

Görüşünə elin gəlir,

Çıraqları gur yandıraq, yandıraq!

 

İki qönçə cavan gəlir,

Gül yanında reyhan gəlir,

Şümşadboylu oğlan gəlir,

Bu oğlanı şadlandıraq, şadlandıraq!

Aşıqlar çalsın sazları

Rəqs eləsin el qızları...

(Söz: Mirvarid Dilbazi)

QISA ARAYIŞ:

Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda ziyalı ailəsində, məşhur tarzən Mirzə Fərəcin ailəsində doğulmuşdu. Atası İsmayıl Rzayev ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda ifa etməyi öz atası məşhur tarzən Mirzə Fərəcdən öyrənmişdi. Hələ körpəlikdən ruhu musiqi ilə qidalanmış, pərvazlanmışdı. 

Mirzə Fərəcin nəvəsi Ruqiyyə xanımın xatirələrindən: “Mirzə Fərəc 14-15 yaşında olanda Bakıya Şiraz şəhərindən 5 simli tarı ilə gəlmiş Əli Şirazidən tarda çalmağı öyrənir...

Tarın səsini doğmalaşdırmaq və tembrini gücləndirmək üçün 6-cı simin olması mütləq idi. Odur ki, Mirzə Fərəc 6-cı ağ kök simi tara əlavə edir... Məşhur tarzən kimi ad-san qazanır. Toy-şənlik məclislərinin iftixarı olur. O tək Bakıda, Abşeronda deyil, Azərbaycanda, Qafqazda, Orta Asiyada tanınır... 1904-cü ildə xanəndə Ağasəid oğlu Ağabala ilə İranın Pəhləvi (Ənzəli) şəhərinə toy məclisinə gedirlər. Toy mərasimi qurtarandan sonra şəhər klubunda bir ay konsert verirlər. Konsertin səsi-sorağı Rəşt şəhərinin hökmdarına çatır, onları görmək istəyir.

Sarayda geniş bir musiqi məclisi qururlar...

Hökmdarın göstərişi ilə üzərinə parça örtülmüş böyük bir xonça babamın qarşısına qoyulur. Örtüyü qaldıranda xonçada sədəflə bəzədilmiş bir tar görünür. Tarın çanağında və kəlləsində “Şiri-xurşud” (İran dövlətinin gerbi) sədəfə həkk olunmuşdu... Babamın ən qiymətli yadigarı olan tarı indi Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyində saxlanılır”.

Mirzə Fərəcin “Bənövşə” və “Azərbaycan” oyun havaları hələ də ifa olunur, xalq arasında yaşayır. Oğlu İsmayıl gözəl tar ifaçısı olsa da, iqtisadçı işləyirdi. Həyat yoldaşı da yüzdən çox bayatı və qəzəl bilirdi, yaxşı əl qabiliyyəti vardı. Tirmə üzərində güləbətin butalar salır, tənbəki, saat, möhür, daraqqabı kisəsini milli üslubda ornamentlərlə tikirdi. Bir sözlə, ailənin bütün üzvlərinin milli mədəniyyətimizə nə qədər yaxın olduğu aydın olur. 

1920-ci ildə Musiqi Texnikumunda tar sinfi açılanda Üzeyir Hacıbəyli Mirzə Fərəci dərs proqramının tərtib edilməsinə cəlb etmişdi. Tara qadağalar qoyulan dövrdə də onun səsi tarzənin evində təşkil olunan məclislərdən kəsilmədi.

Mirzə Fərəcə 79 yaşından sonra fərdi pensiya təyin edilir... O, “əgər məni bu xərçəng xəstəliyi tutmasaydı, hələ çox yaşayacaqdım” sözləri ailəni bərk sarsıtmışdı. Qəlbində hamıdan çox Ağabacıdan nigaran idi. İlk nəvəsini dünyalar qədər istəyirdi. Bir gün gəlinini yanına çağırıb dedi: “Ağabacını mən sənə tapşırıram”. Sonra kövrəlib ağladı. Həmişə nikbin, mehriban olan insan zahirən tamam dəyişmiş, elə bil başqa bir dünyaya düşmüşdü. Əslində bu, belə idi. Axı, tarından, musiqi məclislərindən həmişəlik ayrılmışdı. Ailə birinci dəfə idi ki, Mirzə Fərəci ağlayan görürdü... 

Mirzə Fərəc dünyasını dəyişəndən sonra ailə üzvlərinin gözlərində işıq, sevinc azaldı. Ağabacı sevimli babasından, onun böyük məhəbbətindən yetim qaldı. Lakin nə qədər ki, o, sağ idi, qız nəvələrinə tarda çalmağa icazə vermirdi. Yalnız onun vəfatından sonra Ağabacının atası qızlarına tarda çalmağı öyrətdi. O gündən Ağabacının həyatına yeni səhifələr yazılmağa başladı, amma notlarla, gözəl milli ruhlu musiqilərlə... O, Azərbaycanın musiqi mədəniyyəti tarixinə istedadlı bəstəkar kimi daxil oldu.

“Babam istəmirdi ki, Ağabacı çalğıçı olsun. O, deyirdi ki, Ağabacı çox zəifdir, qoy öz dərslərini oxusun, iki məktəbdə dərs almaq onun üçün çətin olar. İstəkli babamız haradan biləydi ki, özünün bəzi xüsusiyyətləri ilə bərabər, musiqi istedadını da Ağabacıya verib, onun gələcək taleyi ancaq musiqi ilə bağlı olacaq...” - bunu da Ruqiyyə xanım söyləmişdi.

Ağabacı Rzayeva babasının vəfatından sonra əvvəlcə Pedaqoji texnikumu bitirib, bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi.

A. Rzayeva musiqi-maarifçilik işini də  ömrünün sonuna kimi davam etdirib.

1934-cü ildə əvvəlcə Konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Haclbəyov Ağabacı Rzayeva ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb və “Qoçaq qızlarsınız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər”- deyib. 

Ağabacı Rzayeva not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. 

Aöabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil alıb və onun ən sevimli tələbələrindən biri olmuşdur.

Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan İncəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır.

Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər.

Onun bəstələdiyi ilk əsər “Gənc vətənpərvərlər marşı” olub. 

Peşəkar musiqi təhsili və zəngin ifaçılıq təcrübəsi tələbələrin istedadını rəndələyir, onun inkişafına düzgün istiqamət verir. Tədricən Ağabacının qəlbində musiqi bəstələmək istəyi baş qaldırır və o özünün ilk əsəri olan «Gənc vətənpərvərlər marşını» yoldaşları ilə məşq etsə də, əsəri Ü.Hacıbəyova göstərməyə heç cür cürət etmir.

Lakin bunu əziz müəllimdən heç gizlətməkmi olardı. Dahi bəstəkar öz tələbəsinin marş əsərini dinləyib çox məmnun olur və uzaqgörənliklə deyir: «Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər».

 Bu sözlər gənc musiqiçini daha böyük həvəslə işləməyə ruhlandırır və o, Ü.Hacıbəyovun bəstəkarlıq dərslərinə də davam etməyə başlayır. Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər.

Ağabacı Rzayevanın özünəməxsus dəst-xətti sənətdə atdığı ilk addımlardan müəyyənləşir. Xalq musiqisinə yaxınlıq, ifadəli melodik üslub, daxili hisslər aləmini səslər vasitəsilə dinləyicilərə çatdırmaq və şerlərin ruhuna həssaslıqla yanaşmaq istəyi, şübhəsiz, Ü.Hacıbəyov sənətinin müsbət təsirinin nəticəsi idi.

Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. Ilk qadın bəstəkarımızın müraciət etdiyi klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şer ustalarının təkcə adlarını sadalasaq, onun vokal yaradıcılığının mövzu və janr etibarı ilə nə qədər rəngarəng olduğunu görə bilərik. Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu və b.

Bəstəkarın mahnı və romanslarında müasir şerimiz o qədər geniş təmsil olunmuşdur ki, həmin əsərlər vasitəsilə poeziyamızın müxtəlif simaları, əsas təmayülləri və ümumi inkişafı barədə müəyyən təsəvvür əldə etmək olar. N.Rəfibəyli, I.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şerləri onun bəstəkar qəlbini ilhamlandırmışdı. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyl etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir – «Durna qatarlı qızlar».

Bəstəkarın vokal yaradıcılığında müxtəlif səpkili romanslar (o cümlədən, qəzəl-romans janrı), vətənpərvərlik və sülh, əmək və məhəbbət mövzuları, eləcə də uşaq həyatının müxtəlif səhnələrini canlandıran mahnılar çoxsaylı nümunələrlə təmsil olunmuşdur.

 Əziz müəllimi, ölməz Ü.Hacıbəyov sənətinin güclü təsiri ilə A.Rzayeva Azərbaycan şairlərinin qəzəllərinə bir sıra musiqi yazmışdır – «Könlüm» (Nizami), «Afəti cansan» (Füzuli), «Zülfi pərişan olmasın» (Sabir), 70-ci illərdə isə Nəsiminin 600 illik yubileyi münasibətilə dahi şairin sözlərinə eyni qəbildən olan silsilə əsərlər yaranır («Gəl, nigarım», «Bahar oldu», «Gül açıldı»). Bu barədə müəllif deyirdi: «Məni Nəsimi şerinə musiqi bəstələməyə vadar edən şairin incə lirikası, misralarındakı ahəngdar bağlılıq, bir də sərpa soyularkən ağlamayan mərdanəliyidir».

A.Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə «Sənin xatirən» adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.

Böyük Vətən müharibəsi illərində sənətkarın rübabı susmamış, xalqımızın qəhrəmanlıq şücaətini və vətənpərvərlik hisslərini tərənnüm etmişdir; «Vətən», «Partizan oğlu», «Qəhrəman ananın qəhrəman oğlu», «Sevgilim əsgər gedir», «Gözləyəcəyəm, sevgilim» doğma Vətənə dərin məhəbbət hissləri ilə aşılanmışdır. Dinc quruculuq illərində yaranan əmək mahnılarından isə «Neftçi Qurban», «Çoban Qara», «Neftçilər mahnısı», «Muğan qızı» tez bir zamanda geniş şöhrət qazanır.

Maraqlıdır ki, Azərbaycan bəstəkarı rus poeziyasının əlçatmaz zirvəsində möhkəm dayanan A.Puşkin və M.Lermontovdan edilmiş tərcümələrdən də ilham almış, Balakirev və Raxmaninov kimi «Oxuma, gözəl» şerinə müraciət etmişdir. Romans böyük müğənni Bülbülün təfsirində geniş dinləyici rəğbəti qazanmışdır.

 A.Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atmışdır. Bu mənada onun musiqili səhnə əsərlərini («Günəş eşqi», «Höcət eləmə»), variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün «Şənlik» süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır. Bunun da maraqlı tarixçəsi vardır.

Məlum olduğu kimi, «Sənsiz» və «Sevgili canan» klavır şəklində (yəni fortepiano ilə müşayiət olunmaq üçün) bəstələnmişdir. A.Rzayeva bu məşhur qəzəl-romansları Üzeyir bəyin təkidi ilə orkestr üçün işləyir, lakin vokal partiyasını səsdən başqa həm də mülayim tembrli klarnet alətinə həvalə edir. Beləliklə də, bu gözəl alət o vaxtdan orkestrdə öz yerini tutur.

Bəstəkarın yaradıcılığından danışarkən onun dillər əzbəri olmuş bir çox uşaq mahnılarını da mütləq qeyd etmək lazımdır. Həssas qəlbli bir qadın kimi, A.Rzayeva müxtəlif yaşlı uşaqların psixologiyasını çox gözəl tuta bilmiş, mahnılarının böyük bir qismini (60-dan artıq) bizim gələcəyimiz olan yeni nəsil nümayəndələrinə – bağça və məktəb uşaqlarına, gənc və yeniyetmələrə həsr etmişdir. «Kukla», «Qaranquş», «Ağ göyərçinim», «Sabahın ustaları», «Balaca kapitan», «Qərənfiləm mən» və s. və i.a. Uşaqlıq illərimizin sevimli nəğmələri olmuş bu və başqa nümunələr özünün böyük estetik-tərbiyəvi əhəmiyyətini indi də qoruyub saxlamaqdadır. 

A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz – Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.Ismayılova, L.Imanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələmişdi («Çiçəklənən yurdum», «Azərbaycan», «Bəxtiyar ellər», «Dilbərim»). Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət etmiş, məsələn, «Ey pəri» və «Evimizə gəlin gəlir» kimi məşhur mahnılarına bənzərsiz möhür vurmuşdur. Elə bir azərbaycanlı tapmaq olarmı ki, Vaqifin ifasında bu mahnıları, xüsusilə də, ikincisini dinləyərkən qəlbi ehtizaza gəlməsin? Elə bu özü xalqdan aldığını xalqa qaytaran Ağabacı sənətini çox gözəl səciyyələndirir.

Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyil etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir.

Böyük Vətən müharibəsi illərində "Vətən”, “Partizan oğlu”, “Qəhrəman ananın qəhrəman oğlu”, “Sevgilim əsgər gedir”, “Gözləyəcəyəm, sevgilim” və digır mahnıları ilə xalqımızın qəhrəmanlıq şücaətini və vətənpərvərlik hisslərini tərənnüm edib.

Bəstəkarın  ata-anaların gözlərini sevincdən yaşardan “Evimizə gəlin gəlir”, “Oxuma gözəl”, “Neftçi Qurban”, “Çoban Qara”,  uşaqlar üçün “Kukla”, “Qaranquş”, “Ağ göyərçinim”, “Sabahın ustaları”, “Balaca kapitan”, “Qərənfiləm mən” və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutmuşdur. 

İlk dəfə Moskvada oxunan “Kukla” mahnısı, xüsusilə ona xalqın böyük sevgisini  qazandırıb.

Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin “Höcət eləmə” (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, “Ögey ana” dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir.

Onun ifa olunmamış əsərləri İncəsənət Arxivində saxlanılır.

Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət edib, məsələn, “Ey pəri” və “Evimizə gəlin gəlir” kimi məşhur mahnılarına bənzərsiz möhür vurub.

Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.

A.Rzayeva gəncliyindən başlayaraq ömrünün sonuna kimi ictimai işlərdə də fəal iştirak etmişdir. O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf Nişanı” ordeni və müxtəlif medallarla təltif olunub. 1960-cı ildə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. 

Ağabacı Rzayeva öz xalqı qarşısında vəzifə borcunu canla-başla yerinə yetirmiş, rayon mədəniyyət evləri ilə sıx əlaqə saxlayaraq gənc istedadların üzə çıxmasına böyük yardım göstərmişdir. Bəstəkar, Dünya sülh tərəfdarlarının Moskva konfransına dəvət olunmuş, bu mühüm və aktual mövzuya qarşı öz münasibətini yaradıcılığında da ifadə etmişdir. A.Rzayeva Azərbaycan Bəstəkarlar Ittifaqının xalq yaradıcılığı şöbəsinin xətti ilə tez-tez müxtəlif rayonlara ezam olunar, xalq istedadlarının üzə çıxarılmasına diqqət və qayğı göstərərdi. Məsələn, bəstəkar Salyanda olarkən, tar çalıb gözəl səslə oxuyan o zaman Aşıq Qulu adı ilə tanınan bir gəncin şirin nəğmələrini eşidir və ona məsləhət görür ki, Bakıya gəlib peşəkar musiqi təhsili alsın. Tezliklə, bütün xalqın sevimlisinə çevrilən həmin gənc unudulmaz xanəndəmiz Qulu Əsgərov idi. Əlbəttə, A.Rzayevanın xeyirxahlığını və insanpərvərliyini göstərən çoxlu misal çəkmək olar.

... Ağabacı Rzayevanın ölümü çox müəmmalı olmuşdur. Deyilənə görə, 1975-ci ildə sahə poliklinikasından bir zəng gəlir, ölkədə yayılmış hansısa virus əleyhinə hamının peyvənd olunduğunu deyib, onu peyvəndə çağırırlar. Bir gün sonra peyvənd olunub evə qayıdan bəstəkar özünü pis hiss etdiyindən yerinə uzanır və bir daha qalxmır...

Beləcə, Üzeyir bəyin sevimli tələbəsi Ağabacı Rzayeva 1975-ci il iyul ayının 5-də 63 yaşında qəfildən dünyasını dəyişir.

Bəstəkar Bakıda, II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Nur içində yatsın!

Ağabacı Rzayeva ilk qadın bəstəkarı kimi zamanında tanınmış, göstərdiyi misli görünməmiş hünəri bütün Sovetlər Birliyində əks-səda doğurmuşdur. Moskva və Ukraynanın mətbuat orqanları, hətta ingilis dilində çıxan «Moskove news» qəzeti bu hadisəyə böyük maraq göstərmişdir. 

Bütün Şərq aləmində ilk qadın bəstəkar olmaq şərəfi Azərbaycan sənətkarı Ağabacı Rzayevaya şamil edilir. 

Bu gün ən müasir üslublarda yazıb-yaradan, əsərlərinin sorağı uzaq ölkələrdən gələn çox sayda gənc qadın bəstəkarlarımız var. Və bu say gün-gündən artmaqdadır. 

İllər ötəcək, nəsillər dəyişəcək, yeni söz adamları, yazarlar, musiqi aləminə baş vuran bəstəkarlar yetişəcək. Amma musiqi tariximizdə öz sözünü deməyi bacaran xalqın sevimli sənətkarı Ağabacı Rzayeva gözəl nəğmələri, özünəməxsus musiqi dünyası ilə birgə həmişə xatırlanacaq, seviləcəkdir.

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MİA.AZ