Ləğv olunan "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevə yeni vəzifə verilib.

Mia.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb.

Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Digər əmrlə isə Rafiq Aslanov Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

Mia.az xatırladır ki, hər iki şəxs meliorasiya sahəsində "dərin kök salmış kilid adamlar" olublar. Onlar ta Əhməd Əhmədzadənin dövründən "Meliorasiya və Su Təsərrüaftı" ASC-də ən güclü fiqurlar sayılırlar. Adları bir çox korrupsiya iddialarında hallanıb. Ancaq onları heç kəs vəzifədən uzaqlaşdıra bilməyib...

Bir çoxları Zaur Mikayılovdan təyinatı zamanı onların bu sahədən uzaqlaşdırılacağını gözləsə də, görünür, hər iki qudasına yüksək vəzifə verən Agentlik sədri digərlərində olduğu kimi, bu iki "as məmuru"n da qarşısında gözükölgəli davranmaq məcburiyyətində qalıb...

Xatırladaq ki, Zakir Quliyev 1 aprel 1966-cı ildə Sabirabad rayonunda anadan olub.

1991-ci ildə Novoçerkask Mühəndis Meliorasiya İnstitutunu, 2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.

Ailəlidir, üç övladı var.

O, 1986–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Tikinti İstehsalat Birliyinin Sabirabad 8 saylı İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş dəstəsində fəhlə, iş ustası, mühəndis, baş mühəndis, 1991–1998-ci illərdə həmin idarənin rəisi vəzifəsində işləyib. 1998–2006-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (əvvəllər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi yanıda Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi) Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi vəzifələrində işləyib.

2006-cı ildən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olub.

Rafiq Aslanova gəldikdə isə, o, 1962-ci ildə Füzuli rayonunda anadan olub.

O,  1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib.

1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb.

Rafiq Aslanov da Zakir Quliyev kimi, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini təyin olunaraq b son təyinata qədər həmin vəzifədə işləyib.

MİA.AZ