"Azercell" və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi öz töhfəsini verir!
“Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda həyata keçirdiyi "Doğru yol budur" sosial kampaniyasına qoşulanların sayı hər gün artır. Artıq Azərbaycanın müxtəlif bölgələrindən 700-dən çox şəxs bu çağırışa cavab verərək mütəmadi məşqlərdə iştirak edir. Layihə cəmiyyətimizdə, xüsusilə də gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
“Doğru yol budur” kampaniyası çərçivəsində Cüdo Federasiyasının məktəbləri və bölmələri fəaliyyət göstərən bölgələrdə qeydiyyatdan keçən gənclərə 1 ay müddətində ödənişsiz cüdo ilə məşğul olmaq imkanı verilib. Layihə əsnasında məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film çəkilib, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin daha çox toplandığı yerlərdə eyni konsepsiyanı davam etdirən posterlər yerləşdirilib.
BMT 26 iyunu Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib və bu gün ictimaiyyətin diqqətini narkomaniya problemlərinə yönəltməyi hədəfləyib. “Azercell Telekom” yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi sürərək asudə vaxtlarını səmərəli keçirməyə çağırır!