Şabranda bir nəfəri qəsdən öldürməkdə, digərini isə öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub, cinayət işi başlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Şabran Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 24-ü Şabran rayonu ərazisində 1970-ci il təvəllüdlü Gülnarə Hüseynovanın öldürülməsi, onun əri 1966-cı il təvəllüdlü Arif Hüseynova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd edilib ki, araşdırma zamanı 1983-cü il təvəllüdlü Elçin Fərzəliyev və Murad Məmmədovun Şabran şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən yaşayış evində dəmir predmetlə (mismarçıxaran) xəsarətlər yetirməklə Gülnarə Hüseynovanı qəsdən öldürməsi, onun əri Arif Hüseynovu isə öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə və qəsdən 2 şəxsi öldürməyə cəhd etmə maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən Elçin Fərzəliyev və Murad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.

***

Şabranda evə basqın edərək ər-arvadı öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs - əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov da tutulub.

***

Şabran rayonunda evə basqın olub, qadın öldürülüb.

Mia.az xəbər verir ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın edilib.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub(Report).

Faktla bağlı araşdırma aparılır.