“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş” layihəsinin icrasına başlayıb.
Mia.az xəbər verir ki, Aynur Əliyevanın rəhbəri olduğu layihənin müddəti 2 aydır.
Birlikdən Mia.az-a bildirilib ki, layihənin əsas məqsədi – xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və psixoloji reabilitasiyasının gücləndirilməsidir: "Layihə çərçivəsində 20 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar (autizm, daun sindromu, mikrosefaliya, uşaq serebral iflici, əqli gerilik, nitq qüsuru, nitq ləngiməsi) üçün fərdi intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunacaqdır.
Qeyd etmək lazımdır ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonların xüsusi qayğıya ehtiyacı olan uşaqları da cəlb olunmuşdur.
Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranacaqdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edəcəkdir".