""Abşeron Kristal" tikinti şirkətləri arasında bəlkə də yeganə şirkətdir ki, müştəri məmnuniyyəti barədə düşünmür, düşünmək istəmir".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Arifə Əliyeva sosial media hesabında yazıb.

Onun sözlərinə görə, 2019-cu ildə bu şirkətin Abşeron rayonunda inşa etdiyi "Kristal Abşeron -1" şəhərciyində ev alıb: "Bu 4 il ərzində daha başımıza gəlməyən oyun qalmaylb. Bizə konkret olaraq qazanc mənbəyi kimi baxırlar. Sakinlərin cibinə girmək üçün hər dəfə bir üsul fikirləşib tapırlar.

Mənzil alandan qısa müddət sonra kommunal ödənişləri qaldırdırlar. Özü də nə az, nə çox 70 faiz. Bura zibil pulundan tutmuş, lift puluna qədər bütün ödənişlər daxildir .

Daha sonra liftə kart sistemi tətbiq etdilər. Elə bilirsiniz, bu müasir standarlarla ayaqlaşmaq üşün edilib. Xeyr, yenə məqsəd pul qazanmaqdır. Kartı itirdinsə, ikinci dəfə pulla almalısan. Qiyməti də 10 manat. Mən hələ yaşayış binasında liftə kart sisteminin tətbiq edilməsinin nə dərəcədə doğru olub-olmadığına toxunmuram. Hərçənd, bu məsələdə xeyli narazılıq var. Çünki kart sistemi sakinlər üçün müəyyən problemlər yaradır. Tutaq ki, qonağın gəlib, ya o, piyada 11-ci mərtəbəyə qalxmalıdır, ya da sən aşağı düşməlisən. Çünki qonaqda kart yoxdur. Yaxud kart yaddan çıxıb qalıb evdə, vəssalam, gəl indi bu istidə piyada yuxarı qalx.

Nə isə, bütün bunlara birtəhər dözürdük. Amma son addımlarına artıq adamın əsəbləri dözmür".

Jurnalist bildirib ki, şirkət bu qədər özbaşınalıqlarla yetinməyib: "Son addımları da budur ki, qarajların qiymətini 30 manatdan 50 manata qaldırıblar. Qiymət artımının səbəbini də izah etmirlər. Hələ onu demirəm ki, bu xidmətləri də lazımi səviyyədə deyil. Təsəvvür edin, mən qaraja öz yaşadğımı binadan deyil, yanaşı binadan daxil olmalıyam. Həyətdə maşın saxlamağa isə ümumiyyətlə yer qoymayıblar. O qədər sıxlıq var ki, maşınını saxlasan, sonra onu oradan çıxarmaq müşkülə çevriləcək. Nəzərə almayıblar ki, binada xəstəsi olan, təcili işi çıxan sakinlər ola bilər. Həmin vaxt onlar maşınlarını həyətdən çıxarmaq üçün azı 2-3 saat əlləşməli olacaq".

Jurnalist qeyd edib ki, şəhərciyin ortasında kiçik bir park var idi: "İndi oranı da zəbt ediblər. Deyilənə görə, bina tikəcəklər. Allah uzaq eləsin, yanğın olsa, bura yanğınsöndürən maşınlar girə bilməyəcək.

Belə başa düşürəm ki, "Kristal Abşeron" tikəndə yalnız hər nə yolla olursa-olsun pul qazanmağı düşünür. Sakinlər necə yaşayacaq, hansı problemlərlə üzləşəcək, onların vecinə deyil.

Mətbuatda dəfələrlə yazılıb ki, "Kristal Abşeron" şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Bu iddia indiyə qədər təkzib olunmayıb.

Ona görə də buradan Ağalar Vəliyevə müraciət edərək deyirəm ki, ay Ağalar müəllim, indi bir qələt edib, sizin şirkətdən ev almışıq, niyə bizə yaşamağı haram edirsiniz?!".

Samir Musayev

MİA.AZ