Xalqımız İslam aləminin müqəddəs günlərindən biri olan Qurban bayramını qeyd edir.
Mia.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Gürcüstan Respublikasında yaşayan soydaşlarımıza Qurban payı çatdırılıb.
Belə ki, Şeyxülislam həzrətlərinin tapşırığına əsasən 7 iribuynuzlu heyvan kəsilərək QMİ-nin Gürcüstandakı nümayəndəliyinin vasitəsi ilə aztəminatlı ailələrə çatdırılıb.
QMİ-nin Gürcüstan nümayədəsi Məhəmməd Şamilov bildirib ki, Qurban bayramı günü kəsilən heyvanlar Tbilisi, Rustaveli, Marneuli, Qardabani, Bolnisi, Dmanisi və Laqodexidə yaşayan aztəminatlı soydaşlarımıza paylanılıb. Onun sözlərinə görə, bayram payı ümumilikdə 500 ailəni əhatə edib.
QMİ-nin Gürcüstandakı digər nümayəndəsi Sabir Musayevin sözlərinə görə, qonşu ölkədə yaşayan soydaşlarımız Şeyxülislam həzrətlərinin təşəbbüsünü yüksək qiymətləndirərək müqəddəs gündə onları sevindirdiklərinə görə təşəkkür edib, daim onların qayğıları ilə maraqlanan Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.