Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanın ev sahibliyi etdiyi G7 Sammitində liderlər qarşısında çıxış edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın Borqo Eqnaziya şəhərində keçirilən 50-ci G7 Liderlər Zirvə toplantısındakı çıxışında Zelenski Rusiya-Ukrayna müharibəsi və Ukraynanın ehtiyacları ilə bağlı geniş məruzə edib.
G-7 Sammitinin dünyanın müxtəlif regionlarını bir araya gətirən qlobal bir toplantı olduğunu deyən Vladimir Zelenski bildiirb ki, yalnız dünya ölkələrinin əksəriyyətinin birgə fəaliyyəti ilə problemlərin öhdəsindən gəlmək mümkündür.
Ölkəsində davam edən müharibədə Ukrayna hava məkanının daha təhlükəsiz olmasının vacibliyinə toxunan Zelenski G7 liderlərindən “Patriot” hava hücumundan müdafiə sistemləri istəyib: "Ukrayna ordusuna verilən Qərb silahlarının ölkəmizin hüdudlarından kənarda istifadəsinə icazə Xarkov və digər şəhərləri qorumaq qabiliyyətini artırıb. Ancaq bu yetmir. Bizə daha çox "Patriot" sistemləri lazımdır. Bununla belə, Ukrayna ordusunun F-16 döyüş təyyarələrindən istifadə prosesini sürətləndirmək mütləqdir. Sizdən F-16-ya keçidimizi sürətləndirmək üçün əlinizdən gələni etməyinizi xahiş edirəm".
Vladimir Zelenski daha sonra 1941-45 müharibədən sonra Almaniyaya tətbiq olunan “Marşall Planı”na bənzər bir planın da Ukraynaya aid edilməsini tələb edib: "Bzim ölkənin də ayağa qalxması üçün belə bir plana böyük ehtiyac var. Dostlar, gəlin birlikdə belə bir bərpa planını hazırlayaq və bunu birgə G7+ bəyannaməsi, bərpa bəyannaməsi ilə təsdiq edək. Bu, həm də sülh bəyannaməsi olacaq, çünki bərpa sayəsində insanlar görəcəklər ki, həqiqətən də sülh və firəvanlıq nədir"
Firudin Səfərli
MİA.AZ