Zülfiyyə MUSTAFAYEVA
***
Həmkarım Elnur Məmmədlinin sözüdü bu. Halal elə, qardaşım, o qədər gözəl bir alqoritm vermisən ki, bəzi murdarlıqlara, istifadə etmədən dayana bilmədim. Mövzu da elədi ki, bundan günlərlə yazmaq və danışmaq olar.
"Kişi" deyilən məxluqların binamus hərəkətlərinin müzakirəsinə bəzən təhəmmül edə bilmirəm. Evimizdə kişilər var, özümüz oglan uşaqları- kişilər yetişdiririk və hər cür biqeyrət hərəkətlərdən yazdıqca, məni övkə bürüyür.
Hələ bir neçə il əvvəl bir həmkarla virtual dartışdık. Sonra sildik yazdıqlarımızı. Hamının tanıdığı bir "məşhur" biqeyrətin kasıb tələbə qıza qarşı elədiklərinə "kişidi də, kişi bazlıq edər", - tərifini vermişdi. Mənsə bu hərəkətin "og...lıq" olduğu düşüncəsindəydim.
Sonralar gözünüzün önündə daha hansı məşhurlardan hansı biqeyrət hərəkətlər gördük. Adam xatırlamaq istəmir. Çimçəşirsən.
Hələ bir-iki ay əvvəl "politoloq"lardan biri mənim dostlugumda olan xanımlardan birinə ilişmişdi. Xanım dostum onun mesencer mesajlarını göndərdi mənə. Biabırçılıq. "Kül qoyum sənin "politoloq" başına" da dedim, mədəni formada da deyindim, sonra da cəmiyyətdəki mənəvi aşınmalardan gileylənib xanıma təsəlli də verdim. Bloklayıb-e, adamı, ona söz yox. Amma belələrinin müxtəlif bəzəkli siyasi adlarla ortalıqda dolaşmasından "nervinni" olursan. Olay bu sadəcə.
Bir tərəfdən də abır-həya basır da adamı. "Sözü kim böyüdər, öz yiyəsi", - məsəli kimi abırına qısılıb oturursan. Amma yadımdadı ki, elə mənim dostlugumda olan başqa bir xanım pandemiya dönəmində ona virtual şəkildə ədəbsiz təkliflər edən bir məmurdan şikayətlənirdi mənə, mən də dedim, utanma, ver polisə, qoy, agzını cırsınlar. Xanım özü də dövlət qulluğunda idi. Çəkinmədən verdi o og...şı polisə. Belə də olur. Amma təəssüf ki, cəmiyyətin ikibaşlı münasibəti bizə bu yöndə əlimizi -qolumuzu açmağa imkan vermir.
Ağzımızı açan kimi deyirlər: "Nə azarın vardı internetdə? Niyə dostluğa qəbul etmisən?"
Zorlanan qadınlara da suallar elə beləcə olur: "Nə itin azmışdı küçədə? Niyə geyiminə fikir verməmisən?".
Nə isə. Şərəfsizliyin şəkli get-gedə dəyişir. Ag-qara deyil. Heç təkcə rəngli də deyil.
Bir azdan süni intellektlə də çəkəcəyik şərəfsizliyin, og..lıgın şəklini.
MİA.AZ