Nəsimi rayonunda14 iyun “Ümumdünya Qan Donoru Günü” münasibəti ilə aksiya keçirilib.
Mia.az xəbər verir ki, ümumdünya Qan Donoru Gününün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır.
Nəsimi rayonunda da mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur. Hər il müxtəlif vaxtlarda kütləvi qanvermə aksiyaları keçirilir.
Nəsimi rayonunda “Qan ver, həyat xilas et” şüarı altında keçirilən aksiya Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə baş tutub. Aksiyanın məqsədi Talassemiya və Hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaqdır. Qanvermə aksiyasında rayon İcra Hakimiyyəti Başçısı və Aparatın üzvləri, rayon sakinləri fəal iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.
Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanermənin xeyirxah və savab iş olduğunu bildirərək, aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildirdilər. Sonda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən rayon İcra Hakimiyyətinə qanvermə aksiyasının təşkilinə görə təşəkkür edildi.