Son aylarda təhsildə üzə çıxan məşum eybəcərliklərdən sonra, Elm və təhsil naziri Emin Əmrullayev daha sıx şəkildə tənqid olunmağa başladı.
Normalda, edilməsi gərəkən bu idi ki, cənab nazir, mövcud neqativ halların aradan qaldırılması üçün tədbirlər planı tərtib edəcək, real çözüm yolları barədə düşünəcək və konkret addımlar atacaq. Lakin, təəssüflər olsun ki, biz "zibilin təmizlənməsi"ni yox, "xalının altına süpürülməsini" müşahidə edirik. Avropa təhsilli nazirimiz, qərbin təhsil standartlarına yaxşı bələd olduğu halda, niyəsə geriqalmış üsulları tətbiq etməyə üstünlük verir.
Sadəcə olaraq, “Təhsilverənlərin etik davranış Qaydaları"nda edilən son məşhur dəyişikləri qeyd etmək yetərlidir. Təhsilimizin "bayraqdarı", məktəblərdə böhranların fövtə verdiyi bir zamanda, məsul instansiya olan direktorlarla bağlı deyil, nəyə görəsə məhz aşağı instansiyalarla bağlı təbdir görməyə qərar verdi; müəllimlərin və sıravi işçilərin, xüsusən də, sosial mediada özlərini ifadə etmələrinin önlənməsinin qanuni əsaslarını yaratmağa cəhd etdi!
Ki, bu, əslində, ölkə konstitusiyasının "hər kəsin özünüifadə azadlığı var" maddəsi ilə tam ziddiyət təşkil edən bir qərardır. Yəni, E.Əmrullayev, dolayısıyla, ortaya çıxan neqativ hallara, bu halların səbəbkarlarını deyil, ifşaçılarını günahlandırmaqla cavab vermiş oldu!
Lakin, deyəsən, cənab nazir, despotik qaydalarını, fərqli formada icra etmək fikrindədir. Belə görünür ki, o, məhkəməyə verə bilmədiyi yaxud da işdən çıxarda bilmədiyi şəxsləri, feysbukda əngəlləməklə məşğuldur. Belə ki, bir neçə gün öncə, cənab Əmrullayev, təhsilimizin durumunu və nazirliyin verdiyi qərarları tutarlı və ciddi şəkildə tənqid edən ekspertlərdən biri olan Emin Mirzəlini feysbukda "blok edərək" "cəzalandırıb".
3 il öncə Astara təhsili barədə şok maxinasiya faktlarını açıqladığı üçün nazirliyin rəsmi feysbuk səhifəsi tərəfindən blok edilən gənc alim, son paylaşımlarında, birbaşa nazirin özünü işarələyərək, onu konseptual şəkildə ifşa etmişdi. Rasional tənqidlərə cavab verə bilməyən Əmrullayev, görünür, bərk əsəbiləşib ki, hirsini, sonradan ifşa olunacağını bildiyi bir üsulla çıxmağa qərar verib...
Bu da avrotəhsilli, "sovremenni" nazirin, gənc alimə verdiyi cavab... Əgər buna cavab demək mümkündürsə...
Və olduqca mühüm olan daha bir məqamı da əlavə edək: Artıq uzun müddətdir ki, Əmrullayev feysbukda mesaj bölməsini bağlayıb və insanlarla, təhsilverənlərlə ünsiyyətə qapalıdır!
Belə... Necə deyərlər, no komment!
Hər kəs özü nəticə çıxarsın... XXI əsrdə, bəşəriyyət, suni intellekt sayəsində hətta qeyri-canlılarla, robotlarla ünsiyyət qurur, bizdə isə ELM NAZİRİ, insanlarla ünsiyyətdən qaçır!
Hazırladığımız sujeti, izləyicilərə təqdim edirik:
MİA.AZ