Azərbaycanda 12 nəfərin müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlər çərçivəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib:

"İstintaqla, həmçinin çağırışçıların tibbi müayinəsini həyata keçirən xəstəxana və Hərbi Həkim Komissiyalarının həkimləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmaması, hərbi xidmətə çağırışla əlaqədar çağırışçıların düzgün müayinə edilməməsi, sağlamlıq vəziyyəti faktiki olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilən şəxslərə düzgün diaqnoz təyin edilməməsi və ya sağlam olan şəxslər barəsində hərbi xidmətə yararsız hesab edilə bilən diaqnozlar təyin edilməklə hərbi xidmətdən yayınmağa şərait yaradılması müəyyən edilib.

Aparılan araşdırmalarla 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda onların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməyərək hərbi xidmətə yararlı kimi qeydə alınması, 26 nəfərin praktiki sağlam və xidmətə yararlı olduğu halda tibbi müayinədən keçirildikdən sonra hərbi xidmətə yararsız kimi qiymətləndirilməsi, 12 nəfər şəxsin isə müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.

Qeyd olunan 26 nəfər şəxs yenidən tibbi müayinədən keçirilib və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onların hərbi xidmətə yararlı olmaları təsdiq olunduğundan barələrində toplanmış materiallar onların hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilib.

Digər 12 nəfər şəxs barəsində isə toplanmış materiallar onların hərbi xidmətə çağırış məsələsinə yenidən baxılması üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.

Bundan başqa, sadalanan faktlarla bağlı araşdırma nəticəsində aşkar edilən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə gələcəkdə neqativ halların baş verməsinin qarşısının alınması məqsədilə ümumilikdə 28 tibb müəssisəsi üzrə 90-a yaxın həkim və tibb işçisi barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) prokuror təsir tədbiri qismində təqdimatlar göndərilib.

Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarının qarşısının alınması və çağırışçıların yenidən hərbi xidmətə cəlb olunması, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir".