“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi SAATLI-SABİRABAD rayonlarında “Ucqar Ərazilərdə Erkən Nikahların Baş verməsinin Qarşısının Alınması Üçün Əlverişli Mühit Yaradılmasına Dəstəyin Artırılması” təşəbbüsü çərçivəsində gənc fəalların və könüllülərin iştirakı ilə ucqar kəndlərdə erkən nikah əleyhinə təbliğat kampaniyalarına başlayıb.
Mia.az xəbər verir ki, təbliğat zamanı kəndlərdə əhalinin sıx toplandığı yerlərdə erkən nikah əleyhinə posterlər asılmış, kənd sakinləri arasında bukletlər paylanılmış, kənd sakinləri ilə fərdi söhbətlər və fikir mübadilələri aparılmışdır.
Yerli icra və bələdiyyə nümayyəndələri ilə görüşlər keçirilmiş, binaların qarşısına erkən nikahlara qarşı posterlər asılmışdır.
Aparılan fərdi görüşlər və söhbətlər zamanı erkən nikahları yaradan hallar və səbəblər, erkən nikah praktikasının qarşısının davamlı və effektif şəkildə alınması yolları müzakirə edilmişdir. Müxtəlif fikirlər və təkliflər səsləndirilmişdir. Keçirilən təbliğatların məqsədi erkən nikah hallarının qarşısını almaq üçün daha effektiv, təsirli təcrübə, mexanizimləri və yanaşmaları tətbiq və təbliğ etməkdir.
Sözügedən təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra edilir.