Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və keçmiş baş mühasib Rəşad Babayev barələrindəki qərarla bağlı apellyasiya şikayəti veriblər.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 10-na təyin edilib.

Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq(Pravda.az).

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Qeyd edək ki, onlar sözügedən qurumdan 194 min manat mənimsəməkdə ittiham edilib.

Təqsirləndirilən şəxs Rəşad Babayev ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib.

O, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842,97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib.

Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetidiyini bildirib. Belə ki, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb.

Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiya yol verməyə başlayıb. O, 2020-2022-ci illər ərzində işlədiyi müəssisədə əmək haqqı kartına əlavə pul köçürmələri etməklə hissə-hissə 194.000 manat məbləğində pul mənimsəyib.

Rəşad Babayev iddia edib ki, sonradan həmin pulu nağdlaşdırıb və 194.000 manatdan 135.000 manatını bir dəfəyə Seymur Orucova şəxsən verib, 15.000 manatı Gülbənizə qaytarıb, qalan 44.000 manatı isə öz ehtiyaclarına sərf edib.

Rəşad Babayevlə əlbir olmaqda ittiham edilərək saxlanılan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov məhkəmədə baş mühasiblə birlikdə heç bir cinayət törətmədiyini bildirib. Əksinə o, müxtəlif yuxarı orqanlara müraciət edərək Rəşad Babayevin fəaliyyətinin 2020-ci ilin mart ayından 2022-ci il iyun ayına kimi təftiş olunmasını xahiş etdiyini söyləyib.