Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Mia.az xəbər verir ki, xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir:
"Digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də "Qarayara" xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir".
Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, “Qarayara” xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.
***
"Dünən - 06.06.2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub. Hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib".
Mia.az xəbər verir ki, bu barədə klinikanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir: "Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir".