Britaniyanın “manchestereveningnews.com” saytında “Man looks 30 years younger after undergoing extensive facial surgery in Turkey” (Türkiyədə böyük üz əməliyyatı keçirən kişi 30 yaş cavan görünür) adlı məqalə gedib. Ciddi rezonans doğuran bu məqalə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Azərbaycanda daha çox plastik və ya kosmetik əməliyyat kimi tanınan estetik cərrahiyə insanın xarici görünüşünün daha cəlbedici olmasını təmin etmək məqsədi ilə həyata keçirilir. 2014-cü ildə təkcə ABŞ-da 16 milyona yaxın kosmetik əməliyyat həyata keçirilib. Əməliyyata girənlərin 92%-i qadınlar olub. Son 10 ildə mənzərə ciddi şəkildə dəyişib. Bu kimi əməliyyatların kəmiyyəti və keyfiyyəti ciddi şəkildə yüksəlib. Estetik cərrahlara müraciət edən kişilərin də sayında nəzərə çarpan artım müşahidə olunur...
Dünyada kosmetik əməliyyatların sayı baxımından ABŞ 21% nisbəti ilə birinci yeri, Braziliya 14% nisbəti ilə ikinci yeri, Meksika isə 8% nisbəti ilə üçüncü yeri tutur.
Bir önəmli məqamı da deyim ki, “plastikos” yunan sözüdür, “forma vermək” anlamına gəlir.
Sözügedən məqalədə deyilir ki, “Este Med İstanbul” icra etdikləri əhatəli prosedurları “İnstaqram”da paylaşıb. Paylaşılan statusdan bəlli olur ki, pasient Mayklda üz, boyun, göz qapaqları, yanaq piylərinin çıxarılması, rinoplastika və saç transplantasiyası əməliyyatları həyata keçirilib. Fotolardan da görə bilərsiniz ki, o, inanılmaz bir transformasiyadan keçib. Bu məlumat X-də də( Twitter) böyük əks-səda verib.
Məqalədən o da aydın olur ki, Türkiyədə britaniyalı üzərində eyni vaxtda 8 cərrahiyyə əməliyyatı aparılıb. Göründüyü kimi, bütün əməliyyatlar uğurlu olub...
Bəs bu kimi əməliyyatlar Türkiyədə neçəyə başa gəlir? Britaniyanın “manchestereveningnews.com” saytı bildirir ki, bu kimi əməliyyatlara görə 4-5 min dollar ödəmək lazım gəlir.
Estetik cərrahiyə bu gün bu səviyyədədir. Heç şübhəsiz ki, yaxın gələcəkdə bu sahə çiçəklənmə dövrünə qədəm qoyacaq. Çünki estetik cərrahiyyəyə tələbat günbəgün artır. İstər kişilər, istərsə də qadınlar daha gözəl görünməyə can atırlar...
Bir önəmli məqama da toxunmaq lazımdır. Estetik cərrahiyyənin yan təsirləri də ola bilər. Bunun isə ciddi psixoloji sarsıntılara səbəb olması mümkündür. Ona görə də üz tutduğunuz klinikanın peşəkarlıq səviyyəsi, konkret olaraq cərrahın bacarıq sahibi olması son dərəcə önəmlidir.
“Manchestereveningnews.com” saytı onu da vurğulayır ki, hazırda dünyada estetik cərrahiyyə sahəsində daha çox Türkiyə və Cənubi Koreya şöhrət qazanıb.
Elbəyi Həsənli, Sürix