Korrupsiya cinayətlərində ittiham olunan Aztelekom MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmov və “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayevin müsadirə olunmuş əmlakları ilə bağlı qərardan yenidən apellyasiya şikayəti verilib.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 6-na təyin edilib.

Şikayət hakim Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Belə ki, O.Rüstəmov özünün və ailə üzvlərinin adına olan mülklərin üzərinə qoyulmuş həbsin götürülməsini tələb edir. Rüstəmovun ailə üzvləri - həyat yoldaşı Validə Rüstəmova, oğlu Əli Rüstəmov, qızı Aliyə Rüstəmova və Q.Bəybalayevin isə həyat yoldaşı Gülüstan Bəybalayeva maraqlı şəxs kimi işə cəlb edilib.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına əsasən, O.Rüstəmovun adına Badamdarda fərdi yaşayış evi, oğlunun adına Dübəndidə bağ evi, digər oğlunun adına Badamdarda həyət evi, qızının adına Səbail rayonunda mənzil, həyat yoldaşının adına Yasamal rayonunda mənzil və Xaçmazda torpaq sahəsi olması müəyyən edilib. Qeyd olunan əmlaklar məhkəmənin qərarı ilə müsadirə olunub.

Xatırladaq ki, O.Rüstəmov ən səs-küylü məhkəmə işlərindən biri kimi tanınan “Rabitə işi”ndə mühakimə olunub. Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (red: hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun nazirliyin ayrı-ayrı qurumlarının vəzifəli şəxsləri ilə birlikdə 73 milyon 590 min manat pulun mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr yaranıb.

2015-ci ildə başlanan cinayət işi üzrə nazirliyin 11 vəzifəli şəxsi həbs olunmuş, hökm zamanı onlardan 5 nəfəri şərti cəza alaraq azadlığa buraxılmışdı. O.Rüstəmova da şərti cəza verilmişdi. Təqsirləndirilən şəxslərin əmlakları müsadirə olunmuşdu. Dövlətə vurulan ziyanı ödədikdən sonra “rabitəçilər”in 2009-cu ilə qədər əldə etdikləri əmlakların üzərindən müsadirə götürülmüşdü. Bu qərar onların cinayət əməlini 2009-2015-ci illərdə törətməsi ilə əsaslandırılmışdı.

Q.Bəybalayev 2017-ci ildə dövlətə vurduğu 2 milyon manat ziyanı ödəmişdi. O, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi(Pravda.az)