Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək. Keçənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub.

Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib. Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Qeyd edək ki, bu gün ölkədə repetitorluq geniş yayılıb və müəllimlərin bir çoxu məhz bu fəaliyyət növü ilə məşğul olurlar. Həmin müəllimlər bunu əsasən əməkhaqqının azlığı, əlavə gəlir kimi dəyərləndirirlər.

Ancaq son günlər sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri də odur ki, sertifikasiyadan keçən müəllimlərin vəzifə maaşına əlavələr tətbiq olunduğu üçün müəllimlərin repetitorluq fəaliyyəti ilə məşğul olmasına ehtiyac yoxdur.

Doğrudanmı, sertifikasiya nəticəsində müəllimlərin əməkhaqqlarında artım olduğu üçün repetitorluq fəaliyyəti ilə məşğul olmamalıdırlar?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilov “Cümhuriyət”-ə bildirib ki, maddi vəziyyət əsas stimullardan biridir, müəllimlərin stavkasında dəyişikliklər edilir, müəyyən müəllimlər sertifikasiya ilə bağlı artımlar alır, 1000-2000 manat əməkhaqqı alanlar da var:

“Ancaq indi həmin artımlardan sonra təhsildə, müəllimin fəaliyyətində heç bir keyfiyyət göstəricisi yoxdur. Bir vaxtlar biz də müəllim işləmişik. O müəllimin mənəviyyatı ilə bağlı olan məsələdir. Kim hesab edirsə ki, sertifikasiyada əməkhaqqının artımı nəyisə dəyişəcək, yanlış düşünür.

Karl Marksın bir sözü var ki, materiya sonsuzdur, insanın ehtiyacları da materiya kimi sonsuzdur. Müəllimə 2000 manat versən, deyəcək ki, 2500 olmalıdır, 2500 versən, 3000 manat istəyəcək.

Bu gün repetitorluğun qarşısının alınması üçün mən müəllimlərin əməkhaqqının artırılmasının əleyhinə deyiləm. Ancaq, məsələn, mən kənddə müəllim kimi çalışarkən 100, 200, 300 manat əməkhaqqı almışam. Ancaq 300 manata hansı enerji, həvəslə çalışmışamsa, 100 manat maaşa da eyni həvəslə işləmişəm. Ölkədə sosial sahələrdə gəlirlərin artması ilə bağlı mərhələlərlə müəllimlərin də əməkhaqqı artır. Bu, yaxşı haldır”.

Ancaq ekspert bunun repetitorluğun qarşısının alınmasında stimul kimi əsas faktor olacağını düşünmür:

“Repetitorluğun qarşısını almaq üçün məktəb mühitini, məktəbin, müəllimin nüfuzunu qaldırmaq lazımdır. Çünki bu, strategiyadan irəli gələn vəzifədir. Bu gün heç kim inkar edə bilməz ki, müəllimin nüfuzu 30-40 il bundan əvvəlki nüfuz deyil. Müəllim nüfuzu xeyli zədələnib.

Artıq məktəbə, müəllimə əsas bilik verən kimi baxılmır. Çünki əlavə mənbələr, kurslar, internet var. Bu gün deyirlər ki, repetitorluğun qarşısı alınmalıdır, məktəb mühitini dağıdır. Ancaq hazırda repetitorluğu ləğv etmək o qədər də real görünmür.

Çünki artıq şəbəkələşib. 1990-cı illərdə ancaq 10-cu sinif şagirdləri repetitor yanına gedirdilər. Sonralar tədricən aşağı siniflərdə də bu reallaşmağa başladı ki, hazırda ibtidai siniflərdə belə repetitor yanına gedirlər. Bizdəki “filankəsin uşağı ali məktəbdə oxuyur, mənimki niyə oxumasın” mentaliteti ilə hamı çalışır ki, uşağı ali təhsil alsın. Abituriyent ali təhsil almaq üçün müvafiq keçid balını toplamalıdır.

Heç bir normativ-hüquqi sənəddə yazılmayıb ki, məktəbin vəzifəsi ali məktəbə tələbə hazırlamaqdır. Məktəb hərtərəfli, şəxsiyyətyönümlü vətəndaş hazırlamalıdır. Bununla belə məktəb müvafiq fənlər üzrə bilik, bacarıq, vərdişlər aşılayır. Ancaq ali məktəb test üsulu ilə ixtisaslar üzrə qəbul keçirir. Demək, ixtisasa sənəd vermək üçün ixtisas fənlərini bilməlisən.

Məsələn, kimsə tibb, yaxud hüquq fakültəsinə daxil olmaq istəyirsə, həmin ixtisas üzrə fənlərdən repetitor yanına gedir. Nə qədər ki, qəbul ixtisaslar üzrə gedəcək, müəllimin əməkhaqqını 3 min manat etsələr belə, repetitorluq qalacaq”.

Ekspertin sözlərinə görə, Sovet dövründə müəllim olmaq istəyən Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, mühəndis olmaq istəyən Texniki İnstitutu, həkim olmaq istəyən Azərbaycan Tibb İnstitutunu seçirdi:

“İndi vəziyyət başqadır və abituriyentin topladığın bala uyğun ixtisas seçimi aparılır. Ona görə də gərək həmin qrupa uyğun fənlərə hazırlaşsınlar. Nə qədər ki, test qalacaq və qəbul mərkəzləşdirilmiş qaydada ixtisaslar üzrə keçiriləcək, bunun ləğvindən söhbət gedə bilməz.

Faktdır ki, nə qədər müəllimin çörək pulu repetitorluqdan çıxır. Əgər repetitorluq ləğv olunsa, bu, ölkədə, əsasən də Bakıda nə qədər hazırlıq kurslarının ləğv edilməsi deməkdir. Çünki repetitorlar həm fərdi qaydada, həm də kursda şagirdlərlə məşğul olurlar.

Hazırlıq kurslarının sayı o dərəcədə artıb ki, onları bağlamaq fəsadlara yol aça bilər. Yəni bu, ali məktəblə bağlı olan məsələdir. Ancaq biz buna hazır deyilik. Çünki ildən-ilə repetitorluq şəbəkələşib. Repetitorluğun qarşısı perspektivdə o halda alına bilər ki, ali məktəblərə qəbulda imtahan modeli dəyişsin. Sovet dövründə məktəblərdə may ayında tədris proqramlarında 20 saat təkrar verilirdi, kurs, repetitor anlayışı yox idi.

Məktəbdə həmin fənnin müəllimi tərəfindən dərslər təkrar keçildiyi üçün abituriyent ali məktəbə o fənn üzrə tam hazırlıqlı vəziyyətdə gedirdi. İndi dərs müddətini iyunun 14-nə gətirib çatdırmışıq, buraxılış imtahanları da mart ayında keçirilir və ona görə də təkrar dərslər olmur”.

Ekspert xatırladıb ki, məktəbdə dərslər proqram əsasında keçirilir, ancaq qəbul imtahanı Dövlət İmtahan Mərkəzinin test kitabçaları əsasında aparılır:

“Neçə illərdir ki, Elm və Təhsil Nazirliyi ilə DİM arasında “soyuq müharibə” gedirdi və bir-birini ittiham edirdilər. O səbəblər araşdırılmalıdır. Yəni birdən-birə bu üsul ləğv oluna bilməz, tədricən məhdudlaşdırıla bilər. Bir vaxt belə bir məsələ qaldırıldı ki, müqavilə imzlansın və repetitorluq məktəbə keçirilsin.

Orada alınan gəlirin bir hissəsi məktəbin ehtiyacı, bir qismi də müəllimə verilsin. Bu ideya həyata keçirilmədi. “Ümumtəhsil haqqında” Qanunda xüsusi maddə var ki, məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.

Əgər bu gün repetitorluğu ləğv etmək istəmiriksə, yaxud bacarmırıqsa, o zaman repetitorluğu sahibkarlıq fəaliyyətinin bir növü kimi qəbul edə bilərik. Yəni şagird dərsdən sonra əlavə məşğələ kimi məktəbdə öz müəllimi ilə hazırlaşsın. Repetitorluq ya leqallaşdırılmalı, ya da tədricən təhsilin qeyd etdiyim amilləri nəzərə alınmalıdır. Əgər məktəb varsa, kurslar nəyə lazımdır? Müəllimlərin əməkhaqqını artırmağın repetitorluğu aradan qaldıracağı real görünmür”.