Türkiyə super liqasının lideri "Qalatasaray" 35-ci turda "Sivasspor"la qarşılaşmada "daşı daş üstə" qoymayıb.

Mia.az Türkiyə  mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" "Sivasspor"u 6:1 hesabı ilə məğlub etməklə, indidən super liqa tarixində bir mövsümdə ən çox xal toplayan komanda ünvaına sahiblənib.

"Qalatasaray"ın qollarını 11 və 60-cı dəqiqələrdə Hakim Ziyeç, 59 və 85-ci dəqiqələrdə Mauro İkardi, 38 və 73-cü dəqiqələrdə Dris Mertens vurub.

"Sivasspor"un yeganə qoluna isə 54-cü dəqiqədə Caner Osmanpaşa imza atıb.

Bununla da ardıcıl 16-cı qələbəsini qazanan "Qalatasaray" xalını 96-ya yüksəldərək liderliyini davam etdirib. 

4 matçdan sonra uduzan "Sivasspor" isə 48 xalla qalıb.

Beləliklə, "Qalatasaray" Super Liqa tarixində bir mövsümdə ən çox xal toplayan komanda adını "Fənərbaxça"dan alıb. Qeyd edək ki, "Fənərbaxça" 1988-1989 mövsümündə 93 xal toplayıb.

Zülfiyyə

MİA.AZ