“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dost” TV-ni açırsa, yəqin ki, bu da dövlətdən ayrılan vəsait hesabınadır. Maliyyə tutumu nə qədər olacaq? Bu maliyyə əhəmiyyətli dərəcədədirmi? Həmin vəsaitləri vətəndaşların pensiya və təqaüdlərinin ödənilməsinə yönəltmək daha yaxşı olmazdımı? “Dost” TV-ni yaratmaq əvəzinə hər hansı televiziya kanalında proqram açıb maarifləndirmə işi aparmaq olmazdımı? Bunların hamısı sual doğurur. Konkret cavab verə bilmirəm. Mən hansısa radio, televiziya kanallarının açılmasının əleyhinə deyiləm. Məsələn, kiçik ölkə olmasına baxmayaraq Gürcüstanın 100-dən çox kanalı var. Bir sıra dövlətlərdə istənilən nazirliklər, komitələr, hətta icra orqanları qeydiyyatdan keçib öz televiziyalarını açırlar. Olsun, etiraz etmirəm. Məsələn, fərq budur ki, bələdiyyə televiziya açırsa, bu, onun öz hesabınadır. Dövlət orqanları kanal açırsa, dövlətin hesabınadır...”
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
Deputat düşünür ki, sosial ehtiyacı olan insanların çox olduğu ölkədə vəsaiti birbaşa əhalinin sosial təminatına yönəltmək daha yaxşı olar: ““Dost” TV-də əlavə nə deyiləcək ki? Vallah, xalq hər şeyi bilir. Bu sahədə o qədər də sosial maarifləndirməyə ehtiyac yoxdur. Hamı bilir ki, xalq nə istəyir, hansı tələbdədir. Təəssüf ki, Nazirliyin “Dost” TV-yə nə qədər maliyyə ayırdığı barədə məlumatım yoxdur. Kanal nəyin hesabına fəaliyyət göstərəcək? Bəlkə, yardımçı təsərrüfatı var, gəlir götürüb bunun hesabına edəcək? Bu variantlar da ola bilər, nəsə deyə bilmərəm. Amma birbaşa dövlət büdcəsindən televiziya kanalı açmaq məqsədi üçün maliyyə ayrılması məsələsinə ehtiyatlı yanaşmaq lazımdır. Çünki bu, məqsədəmüvafiq olmaz”.
MİA.AZ