Aqil Əlsəgər
Yeni Çağ Media qrupunun rəhbəri
***
Türkiyədə seçkilərdə partiyalar yarışsalar da, xalq namizədlərə səs verir.
Məsələn, prezident seçkilərində ölkə idarəetməsini Ərdoğana etibar etdikləri kimi yerli idarəetmədə istədikləri namizədi seçirlər. Məsələn, İYİ Partiya bu seçkinin əsas məğlublarından olsa da, Rasim Arı Nevşəhərdə qalib oldu. Eləcə də, bu seçkinin sürprizi olan Yenidən Rəfah faktiki olaraq, Urfa və Yozgat böyük şəhər bələdiyyələrini Ak Partiyadan alaraq, gücünü ortaya qoydu.
Həm ölkənin mövcud iqtisadi çətinliyi, həm mütləq gücün bir əldə toplanmasından duyulan narahatlıq səhv namizədlə üst-üstə düşüncə, ortaya belə mənzərə çıxa bilir.
Əslində, ilk dönəmlərində heç bir başarılı fəaliyyətləri ilə yadda qalmasalar da, yuxarıda sadalanan səbəblərdən İstanbul, İzmir və ya Ankarada sürpriz gözlənilmirdi.
Ancaq bu seçkilər sağda Ak Partidən daha radikal, daha mühafizəkar Yenidən Rəfahın ortaya çıxmasına səbəb oldu. Eyni zamanda MHP əvvəlki seçkilərə nisbətdə daha çox şəhərdə qələbə qazandı. Ak Partiya ötən seçimdə itirdiklərini qazana bilməsə də, təsəlli kimi Hatay kimi CHP qalasını ala bildi.
PKK-nın siyasi qanadı isə yenə Türkiyənin cənub-şərqində mövqeyini qorumaqla yanaşı böyük şəhərlərdə CHP ilə gizli ittifaqını davam etdirdi.
Bu seçkilər növbədənkənar seçkiləri bərabərində gətirə bilər?
Bunu bələdiyyə seçkilərinin nəticələrindən daha çox mövcud iqtisadi durumun hansı istiqamətə doğru inkişafı göstərəcək. Ancaq ötən seçkilərin cəzasını Kamal Kılıçdaroğlu ödədiyi kimi bu seçkilər də Meral Akşeneri “yemiş” kimi görünür.
Yəni, sağda Ərbəkan yüksələrkən, Akşener “əridi”. CHP isə içindəki təlatümlərə və partiyanın faktiki bölünməsinə rəğmən ölkə birincisi olması ilə tarixində Ecevit dönəmindən sonra ən böyük uğuru qazandı. Bu həm də Kamal Kılıçdaroğlu tərəfdarlarının seçki sonrası Özgür Özəli yıxma qurultayı keçirtmək xəyallarını dəfn etdi. Görünən odur ki, düzgün namizəd seçimi Özgür Özəlin də kreslosunu möhkəmləndirdi.
MİA.AZ