İxtiyar Əsgərov
***
Veteran futbolçu İsgəndər Cavadov dünənki müsahibəsində deyib ki, İcraiyyə Komitəsinin iclaslarında onunla yanaşı, Vaqif Sadıqov və Kazbek Tuayevin fikirlərinə əhəmiyyət verilmirdi.
Adama deyərlər, illərdi hörmət görmədiyiniz, fikirlərinizi vecinə almayan qurumun iclasına niyə hamıdan qabaq gedirdiz? Niyə indiyədək susmuşduz? O masada niyə qalmışdız, milli komanda ilə xarici səfərlərə getməyə görə?
Tutalım dinləmirdilər, bəs siz niyə özünüzə hörmət etmirdiz?
Özünə hörmət qoymayan kəs başqasından niyə hörmət umsun ki? Ağzınıza suyu maddi maraqlara, imtiyazlara görə almışdız?
...Şahin Diniyev Məşqçilər Komitəsindən ayrılıb, “Səbail”ə keçən ərəfədə tanınmış məşqçilərdən biri ilə görüşmüşdüm. Soruşdum ki, Diniyevin Komitədə boş qalan yerinə sizi təyin edə bilərlərmi, heç buna cəhd etmisizmi?
Hirslənib dedi ki, sanki Azərbaycanda yaşamırsan. O siyahıya düşmək üçün Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun adamı olmalısan, onun bığının altından keçib, qulluğunda durmalısan...
30 ildən çoxdu “milli komanda yaxşı oynayıb uduzdu” deyən, Avstriya ilə Bakıdakı heç-heçədən sonra baş məşqçi kimi qol qaldırıb oynayan, öz ətrafı üçün komitə yaradan, İcraiyyə Komitəsinin son iclasında AFFA prezidenti Rövnəq Abdullayevə uşaq kimi yalvarıb, adını AFFA-dan təqaüd alanların siyahısına saldıran adamın fikrinə niyə hörmət etsinlər ki?
MİA.AZ