Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlunun müvafiq əmri ilə Kinematoqrafiya haqqında qanunun təkmilləşdirilməsi və yenilənməsi məqsədilə işçi qrupu fəaliyyətə başlayır.
Mia.az xəbər verir ki, İşçi Qrupu kino xadımlərinin və kinematoqrafiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin Kino Forumunda, eləcə də müxtəlif tədbirlərdə səsləndirdiyi təkliflərin təhlili, ümumiləşdirilməsi və hüquqi bazasının yaradılması istiqamətində işlər aparacaq.
Mərhələli şəkildə həyata keçiriləcək fəaliyyət proqramı çərçivəsində kino xadimlərinin, təcrübəli mütəxəssilərinin və hüquqşünasların da işçi qrupuna cəlb olunması, uğurlu hesab olunan dünya ölkələrinin təcrübəsinin öyrənilməsi planlaşdırılır. Kinematoqrafiya haqqında qanunun yenilənməsi üçün geniş kino ictimaiyyətinin rəyinin öyrənilməsi və bununla bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
ARKA-dan aldığımız digər məlumatda isə bildirilir ki, Türkiyə şirkətləri ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırır. Belə ki, Kino Agentliyi ilə Türkiyənin tanınmış film şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan və Türkiyə arasında olan kino platforması çərçivəsində Azərbaycan Respublikasının Kino Agentliyi ilə qardaş Türkiyənin tanınmış film şirkətləri olan ”Saka Film Prodüksiyon” və "Tulpar Film" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən yaxın vaxtlarda Qızıl qatarı (Altun tren) adlı Azərbaycan və Türkiyə bazarlarına çıxacaq birgə filmin istehsalı nəzərdə tutulur.
Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üç tərəfli Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu imzalanıb. Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas sujet xəttini təşkil edir.
Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək. Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması öz əksini tapmışdır.