"Youtube" platformasında fəaliyyət göstərən "Kanal9" kanalının rəhbəri, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əbdülkərim Cəfərov həbs edilib.
Mia.az Publika.az-a istinadən xəbər verir ki, Ə.Cəfərov barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ə.Cəfərov İmişli, Biləsuvar, Göygöl və digər rayonlarda çoxsaylı kafe və restoranların sahiblərini şantaj edib.
O, hədələdiyi şəxslər barəsində rüsvayedici görüntü və məlumatları yayacağını deyərək, pul tələb edib.
Ə.Cəfərov pulları həyat yoldaşı Nuranə Cəfərovanın kartı vasitəsi ilə qəbul edib.
Martın 12-də Ə.Cəfərov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə təqsirləndirilən şəxs 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
O, məhkəmə zalındaca həbs edilib.