Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin külli miqdarda rüşvət almaqda şübhəli bilinməsi faktı ilə bağlı açılmış cinayət işi məhkəməyə göndərilib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, M. Mirişli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması və icra hakimiyyəti orqanı tərəfindən tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində ona müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almaqda şübhəli bilinib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında M. Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.