Vüqar BAYRAMOV,

Millət vəkili

***

Azərbaycanda pul bazası son üç ayda yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, mart ayının ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 140 milyon manat azalaraq 20 milyard 131 milyon manata düşüb.

Qeyd edək ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası əvvəlki ilin uyğun dövrünə nisbətən artıb. Bununla belə, ili 20 milyard 875 milyon manatla başa vuran pul bazası yanvar ayının sonunda 20 milyard 271 milyona düşüb. Yəni, son 3 ayda pul bazasında hər ay əvvəlki aya nisbətən azalma qeydə alınıb.

Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsində Mərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlərı xüsusi təsirə malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur.

Valyuta bazarındakı volatillik də pul bazasına təsirsiz ötüşmür. Pul bazasının bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil optimallaşdırma siyasətinə üstünlük verilməlidir.

MİA.AZ