"Fəaliyyətə başladığı ilk gündən birgə addımladığımız Qarabağ Dirçəliş Fondu ilə öz xahişimlə yollarımız ayrılır".

Mia.az xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun mətbuat katibi Pərvin Məmmədova sosial media hesabında yazıb.

O bildirib ki, Qarabağımız üçün görülən işlərdə zərrə qədər də əməyinin olmasından xoşbəxtdir: 

" Pafos yoxdur, mübaliğə yoxdur, mən həqiqətən Azərbaycanıma çox bağlıyam və onun yolunda bütün gücümü sərf etməyə hər zaman hazıram.

Bizə bu xoşbəxtliyi, qüruru yaşadan, Qarabağ kimi böyük arzumuzu mümkün edən, o torpaqlara ayaq basmağı qismət edən Ali Baş Komandana minnətdaram.

Bu müqəddəs torpaqlarda şəhidlərimizin qanı, canı var. Allahdan onlara rəhmət, qazilərimizə can sağlığı arzu edirəm.

Onların bizə miras qoyduğu torpaqların bərpası, dirçəlişi istiqamətində görülən işlərdə iştirak etmək ayrıca bir qürur və məsuliyyətdir. Onlar azad etdi, biz isə abadlığı uğrunda əlimizdən gələni etməliyik.

Dəyərli jurnalistlər, sizə çox böyük təşəkkürüm var. Bir gün belə tək qoymadınız. Bir çoxunuzla daha öncədən uzun bir yol gəlirik, hər zaman dəstək olmusunuz. Nə qədər təşəkkür etsəm azdır. Məndən asılı olan və olmayan səbəblərə görə hər hansı sorğu, sual və ya təklifiniz cavabsız qalıbsa üzrlü hesab etməyinizi xahiş edirəm. Yaxşı ki varsınız.

Ən kiçik məbləğdən, ən böyük məbləğə qədər ianə edərək Qarabağımızda görülən işlərə dəstək olan hər kəsə minnətdaram.

Qeyd edim ki, 3 il öncə Fondun İdarə Heyətinin sədri tərəfindən quruma mətbuat katibi vəzifəsinə dəvət olunmuşdum, qısa müddət sonra Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri kimi fəaliyyətimi davam etdirdim. Göstərilən etimada görə təşəkkür edirəm.

Əslində bu 3 ilə çox şey sığdırmışıq. Mən Fondun ilk əməkdaşı idim. Çox kiçik komanda ilə hər şeyə sıfırdan başladıq. Gec saatlara qədər uzanırdı iş bəzən. Səhər tezdən də Allah sanki güc verirdi yenidən işdə olmağa, bütün yorğunluğunu unutdururdu qarşındakı mühüm misssiya.

Mən evə gəldikdən sonra işi işdə qoyduğumu heç xatırlamıram. Bu yolda hər zaman mənə dəstək olan, başa düşən, güzəştə gedən və bütün qərarlarımda yanımda olan, məsləhətinə etibar etdiyim ailəmə sonsuz təşəkkür edirəm.

Hər dəfə hansısa iş yerindən ayrılanda özümə hesabat verirəm. Və mənim öz qarşımda qoyduğum ən əsas tələb ədalətli olmaqdır. Çünki iş yerləri, vəzifələr, əməkhaqqılar - hər şey dəyişir.

Dəyişməyən yaxşı xüsusiyyətlər olmalıdır.

Bütün bu yazdıqlarım özümə tərif deyil qətiyyən, çox nadir hallarda bölüşdüyüm hisslərimdir.

Bundan sonra yolumu harada davam etdirəcəyimlə bağlı hələlik qəti qərarım yoxdur. Amma əmin olduğum bir şey var ki, harada olmağımdan asılı olmayaraq, bütün gücümlə, sevgimlə Vətənim üçün faydalı olmağa çalışacağam.

Görüşəcəyik!".

Lamiyə 

MİA.AZ