Həbsdə olan jurnalist Cəmil Məmmədli barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Prosesdə dövlət ittihamçısı çıxış erdib. Prokuror Cəmil Məmmədlinin 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Qeyd edək ki, ötən il avqust ayında keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək onun həbs edilməsini istəyib. Məhkəmə vəsatəti əsaslı hesab edərək C.Məmmədli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib.
Cəmil Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.