Qalib ARİF
***
(“Qısa hekayələr” silsiləsindən)
***
Bilənlər bilir, uzunluğun ölçüsü metr, çəkinin ölçüsü kiloqramdır. Hər ikisinin - metrin və kiloqramın beynəlxalq etalonları var və Fransanın paytaxtı Paris şəhərində xüsusi şəraitdə saxlanılır.
Bilməyənlər üçün deyim ki, şərəfsizliyin də belə bir etalonu var və bu yaxınlara kimi bizim Bakı şəhərində, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı. Indi bilmirəm hardadır, yəqin hardasa buralardadır...
İllərin söhbətidir, biz onda “Vosmoy”da yaşayırdıq, anam da hələ pensiyaya çıxmamışdı, işləyirdi. Axşamüstü işdən gəlir, liftimiz işləmir, yavaş-yavaş piyada qalxır. Görür 5-ci mərtəbədə qazaxlı qonşularımızın - Nərgiz xalagilin (ad şərtidir – Q.A) qapısı açıqdır. Anam Nərgiz xala ilə lap cavan yaşlarından dostluq edir və açıq qapıdan ərklə içəri girir. Görür Nərgiz xala divanda uzanıb, ağır-ağır nəfəs alır. Yoldaşı Cəfər dayı (ad şərtidir – Q.A) isə yerə yıxılıb, ağzından köpük axır. Anam özünü itirmir, ev telefonundan əvvəlcə Təcili Yardıma, sonra Nərgiz xalanın yaxınlıqda yaşayan qızına zəng edir...
Deməli, “Şərəfsizlik etalonu” Azərbaycanın X bölgəsində yaşayır. Sumqayıta bacısıgilə tez-tez gəlir, Sumqayıtın, Bakının məhlələrini gəzir. Qoca, pensiyaçı adamların nərd-damino oynadığı yerlərə, köşklərə baş çəkir. Salam verib, bir kənarda oturur. Diqqətlə qulaq asır, hər şeyi yadda saxlayır, amma özü yadda qalmamağa çalışır. Pensiyaçılardan birini, ya ikisini qaralayır, sağlamlıq problemlərini, xəstəliklərini öyrənir. Cəfər dayı da ona belə rast gəlir. “Şərəfsizlik etalonu” ertəsi gün iş vaxtı həyətə gəlir, Cəfər dayının adını verib mənzilini öyrənir. Sakitcə 5-ci mərtəbəyə qalxıb qapını döyür. “Kimsən?” sualına “Poliklinikadan gəlmişəm, Cəfər dayını müayinə etməliyəm” cavabı verir. Ərklə içəri keçir, çantasından ağ xalatını, ağ əlcəklərini çıxarıb geyinir...
Nərgiz xala “Biz həkim çağırmamışıq” deyir, “Bu işlər Diabetə qarşı profilaktiki tədbirlər çərçivəsində həyata keçirilir” cavabını eşidir. Rəsmi cavabdan qocalar çaşır, qonaq dərhal çantasından dərman çıxarır. Nərgiz xaladan 2 stəkan, bir qaşıq alır. Toz dərmanı hər iki stəkana tökür, stolun üstündə su dolu qrafini götürür, stəkanlara su tökür. Diabetdən əziyyət çəkən Cəfər dayı maye dərmanı həvəslə içir. Nərgiz xala əvvəl içmək istəmir, “Mən xəstə deyiləm” deyir. “Həkim” israr edir, xala qurtum-qurtum içir. Amma Cəfər dayının yıxıldığını görüb hamısın içmir. Başı fırlanır, “həkim” onu divana uzandırır. Sonra sakitcə işinə başlayır...
“Təcili yardım” qocaları xəstəxanaya aparır, polis təcili işə başlayır. Mən onda Bakı Polisinin mətbuat katibi işləyirdim, hadisəni diqqətlə izləyirdim. “Şərəfsizlik etalonu” qonşuların evindən Nərgiz xalanın nişan üzüyünü və sırğalarını, qızının bahalı “dublyonka”sını, Cəfər dayının təzə kostyumunu, bir də qocaların 2000 manat xeyir-şər pulunu aparmışdı. Təsadüf nəticəsində hadisənin üstü “isti izlərlə” açıldı. Deməli, “Şərəfsizlik etalonu”nun bacısı ailəliklə Sumqayıtda yaşayırdı. Bacı-qardaş hər ikisi orta təhsilli tibb işçisi idi. Amma bacı qardaşın şərəfsizliyini bilmirdi. Odur ki, qardaşı ona təzə, bahalı “dublyonka” bağışlayanda çox sevindi. Mövsümü gəlməsə də, evdə geyindi, fəxrlə qonşulara, iş yoldaşlarına göstərdi. İş yoldaşlarından birinin həyat yoldaşı isə Bakı Polisdə işləyirdi, bahalı “dublyonka” söhbətini diqqətlə dinlədi...
Sonrası isə, necə deyərlər “texnika”nın işi idi. “Şərəfsizlik etalonu”nu X bölgəsində, evində yaxaladılar və Bakıya etapladılar. Onu bizim həyətə, hadisə yerinə gətirəndə, mən də getmişdim. Orta yaşlı, “vid-fasonlu” adam idi, Cəfər dayının kostyumu da əynindəydi...
Yeri gəlmişkən, Nərgiz xala xəstəxanadan qayıtdı, bu yaxınlara kimi yaşadı. Cəfər dayı isə qayıtmadı, mərhumu elə xəstəxanadan Qazağa “apardılar”. Yaxşı yadımdadır, “Şərəfsizlik etalonu”nuna 8 il verdilər, indi çıxmış olar...
MİA.AZ