Xəbər verdiyimiz kimi, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq.
Mia.az xəbər verir ki, Tofiq Bəhrəmov adına respublika stadionunda keçiriləcək görüşdən öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
O bildirib ki, heyətdə zədə və ya hər hansı problem yoxdur:
“Heyətimizdə hər şey qaydasındadır. Bu bizim üçün vacib və dəyərli oyundur. Çox danışmaq istəmirəm. Fikrimizi rəqibə yönləndirmişəm. İlk oyunun nəticəsi bizi aldatmalı deyil. Bakıda səliqəli və diqqətli olmalıyıq. Sırf bu oyuna köklənmişik. Ümid edirəm ki, Bakıda daha soyuqqanlı olacağıq. Sabaha qədər vaxtımız var. Əlimizdə şans varsa, həmin şansdan istifadə etmək istəyirik”.
- Rəqib komandanın rəhbərliyi komandaya tələb qoyub ki, mərhələ adlamalısınız. Bu psixoloji amilin “Qarabağ”a nə qədər təsiri var?
- Bu gözlənilən tələbdir və başqa cür ola da bilməz. “Braqa” böyük klubdur və onların şansı növbəti mərhələyə keçmək üçün daha çox idi. Mən bunu gözləyirdim. Düşünmürəm ki, bu komandama təsir etsin. Məğlub olmaqları o demək deyil ki, rəqib zəifdir və ya güclü. Futbolçularımla söhbətimiz də oldu ki, Bakıda daha ciddi olmalıyıq. Rəqibin sürətli oyunçuları var və hər an sürətli hücumlara keçə bilirlər. Üstəlik, onlar böyük təcrübəyə malikdir. Özümüzü bütün hallara hazırlamışıq.
- Oyunla bağlı çox ehtiyatlı danışdınız, amma 1/8 finala çıxmaq şanslarınız yüksəkdir. Mövsümün əvvəlində bunu təsəvvür edirdiniz?
- Həmişə qarşımıza məqsəd qoyuruq və ona nail olmağa çalışırıq. Uğur qazanmağın yolu bizim çempionatımızdan başlayır. Burada nə qədər uğurlu olsaq, Avropada daha yaxşı oynayacağıq. Mövsümün əvvəlində mütləq bunu edəcəyik deyə bir şey yox idi, amma içimizdə hər zaman inam var idi. Bu gün 1/8 final şansımız var. Bunu bacarmışıq və davam etmək istəyirik. Uğurların əsas memarı futbolçulardır, onlar meydanda əllərindən gələni ediblər. Sabah da meydanda söz sahibi onlar olacaq. Mən sadəcə oyunçularımın yanında durmağa çalışacam.