Türkiyənin "Antalyaspor" klubunun rəhbərliyi "Trabzonspor" matçında qol sevincini İsrailə dəstək verməklə qeyd etdiyi üçün qovduğu yəhudi futbolçu Sagiv Jehezkel ilə bağlı növbəti sensasiyalı qərara imza atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Antalyaspor" deport olunan israilli futbolçusunu geri çağırıb.

İsrail mətbuatı isə yazır ki, Jehezkelin vəkilləri futbolçunun qalan maaşını ala bilməməsi iə yanaşı, haqsız yerə klubdan qovulduğuna görə FİFA-ya şikayət edib: "Jehezkel "Antalyaspor"dan 1,26 milyon avro təzminat tələb edib".

İddiaya görə, "Antalyaspor" bu şikayətdən sonra Jehezkellə təmasa keçərək, onu geri çağırıb: "Maraqlı budur ki, "Antalyaspor" futbolçu ilə müqaviləyə xitam vermədiyini, sadəcə, 8 oyunluq cəza verildiyini açıqlayıb. Klub artıq bu cəzanın bitdiyini və məşqlərə başlamaq üçün geri gəlməsini xahiş edib".

Xatırladaq ki, "Trabzonspor" matçında vurduğu qoldan sonra Saqiv Jehezkel İsrailin Qəzzaya hücumlarının başlama tarixinə işarə edərək biləyində "Davidin ulduzu" və "100 gün. 7 oktyabr" yazısını nümayiş etdirib. Bundan sonra futbolçuya cinayət işi açılıb və o, ölkədən deport olunub.

Fərid Aslan

MİA.AZ