Ötən ay Azərbaycan 8,2 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Hesabat dövründə ölkənin tütün idxalı xərcləri ötən ilin eyni ayı ilə müqayisədə 40,2% azdır. Tütün idxalının 40 faizə qədər azalması ölkəmizdə yerli tütün plantasiyalarının artması ilə əsaslandırılır.
Əgər tütün plantasiyaları artırsa, o zaman siqaret və tütün məmulatlarının qiyməti niyə artır?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov “Cebhe.info”- ya deyib ki, tütün məmulatlar və digər sağlamlıq üçün zərərli olan məhsulların qiyməti Beynəlxalq Ticarət Konvensiyasının şərtlərinə uyğun olaraq artırılır:
“Ölkəmizdə tütün plantasiyalarının sayı hər il artır. Yerli zavodlarda tütün məmulatları istehsal olunur və tütün məmulatların sayı daxili bazarda sürətlə artır. Hələ sovetlər dönəmində tütünçülük ölkəmizdə ən inkişaf etmiş sahələrdən biri idi. Hələ Qarabağ işğal olmadan öncə də tütün məmulatları kifayət qədər çox istehsal olunurdu. Çox güman ki, işğaldan azad olunmuş ərazilərdə yenidən tütün məmulatlarının istehsalı həyata keçiriləcək”.
Ekspert qeyd edib ki, tütün məmulatlarının qiyməti artacaq:
“Bütün insan sağlamlığı üçün zərərli vərdişlərə səbəb olan məhsulların aksiz vergisi artırılacaq. Bu da daxili bazarda siqaretin qiymətinə 10 -30 qəpik təsir edəcək”.
Digər ekspert Akif Nəsirli hesab edir ki, yerli istehsal olunan tütün məmulatları daxili bazarın tələbatını ödəmək üçün yetərli deyil:
“Hər bir sahədə problem olduğu kimi tütünçülüyün də öz problemi var. Burada əsas problem intisarın olmasıdır. İnhisarçılar tütünün mövcud dəyərindən aşağı qiymətə alırlar. Bu barədə fermerlər tez-tez şikayət edirlər. İnhisar çox olduğu sahədə inkişafdan söhbət gedə bilməz. Bu, sırf inhisarın olduğu mühitdən yaranan problemlərdir”.
Ekspert bildirib ki, bütün sivil dünyada siqaretin qiymətinə yanaşma fərqlidir:
“Bir çox ölkələrdə siqaret mövcud qiymətindən baha təklif olunur. Eyni zamanda, azyaşlı uşaqların siqaretdən istifadə etməməsi üçün daha baha qiymətə təklif edirlər. Belə praktika hər zaman effektiv olmasa da, qismən bəhrəsini vermiş olur”.