Heydər OĞUZ

***

Bir müddət əvvəl Naxçıvandakı mənbələrimdən aldığım məlumata istinadən bir yazı paylaşmışdım. Paylaşımda 20 yanvar günü Naxçıvanın 3 iri məmurunun Batabatda kef məclisində iştirak etdiyini, sonuncu badənin isə “şəhidlərin sağlığına” qaldırıldığı bildirilirdi.

Daha sonra o paylaşımı sildim. Yəqin ki, bu, bir çoxlarınıza da qəribə gəldi. Səbəbini indi sizə açıqlayacağam.

Paylaşımımdan bir neçə saat sonra “canişin” əfəndinin ən yaxın dostlarından biri mənə çıxıb böyüyünün sözünü çatdırmışdı. Onun dediyinə görə, "canişin" and-aman edirmiş ki, ayın 20-də elə bir ziyafətdə olmayıb və “şəhidlərin sağlığına” badə qaldırmayıb. Düzünü desəm, bu and-aman yağmurunun altında az qala boğulsam da, mənə göndərilən mesajın səmimiliyinə inanmamışdım. Bununla belə, and-amanın ağırlığını nəzərə alıb paylaşımımı silmişdim.

Üzərindən bir neçə gün keçəndən sonra Naxçıvandakı bir başqa qaynağım mənimlə əlaqə saxlayaraq, paylaşımımı niyə silməyimlə maraqlanmışdı. Mən də “canişin” əfəndinin and-amanına hörmət məqsədilə bu addımı atdığımı bildirmişdim. Qaynağım təəccüblənmiş, “Siz ona inandınız?”, - deyə soruşmuşdu.

Cavabım belə olmuşdu: “Əlbəttə, inanmamışdım. Amma mənim aləmimdə and-amanın böyük bir yeri var. Əgər bir adam ən dəyərli varlığına and ind içib aman edirsə, yalan olduğunu bildiyin halda bunu üzünə vurmamalısan. Əks təqdirdə bu, çox böyük amansızlıq olardı. Əlbəttə ki, insan oğlu səhv edə bilər. Əgər o, öz səhvindən boyun qaçırmaq üçün yalandan and-aman edirsə, bu da əslində tövbənin bir başqa formasıdır. Allah tövbələri bağışlayandırsa, biz niyə bunu kiməsə çox görməliyik? Mən də “canişin” əfəndinin ziyafət təşkil etməsinin zamanlamasını düzgün ayarlamadığına inandığım üçün məlum qüsuruna göz yumdum. Üstəlik, əlimdə həmin faktı sübut edəcək qədər tutarlı dəlillər də yox idi”.

Qaynağım mənə bəzi təkliflərdə bulundu:

“-Avtomobilin videoreyestrindəki görüntülər və onların yazıldığı tarix, saat, avtomobilin sürəti və s. məlumatlar kifayət edər?...

Təsəvvür edin ki, adam avtomobilin qarşısından aşa-aşa keçir, bunu avtomobilin videoreyestri yazır, üzərində tarix, saat, yer bəlli, və s. Bu məlumatlar h/m orqanlarında artıq vardır və lazımi tədbirlər görülür”.

Qısası, qaynağım məndən bu məlumatların müqabilində peşəkarlıq sirlərinə aid bilgilər istədiyindən sövdələşməmiz baş tutmamışdı. Düzünü desəm, mən özüm də “canişin”ə göbəkdən aşağı zərbə endirmək istəmədiyim üçün bu inkarı imkansız dəlilləri əldə etməyə həvəs göstərməmişdim. Bir də axı, bu faktlar hüquq mühafizə orqanlarına bəllidir və lazımi tədbirlər görülürsə, mən daha nəyi və niyə ifşa etməliyəm?

Bu gün ilkin qaynağımdan aldığım bir məlumat isə qanımı dondurdu. Belə ki, bu zamanadək həmin məclisdə 3 nəfərin – “canişin”in, Ülvi Hüseynlinin və “Simurqqanadlı” Ramiz Məmmədovun iştirak etdiyini bilirdim. Sən demə, məclisə sonradan bir başqası da qatılıbmış. Bu da kim olsa yaxşıdır? – “Xan” həzrətlərinin gizli mesajlarını Bakıdakı “muxtar hücrələrə” daşıyan bir deputat. Düzdür, Vasif Talıbovun gizli poçt göyərçini sayılan həmin deputat qısa müddətliyə məclisə təşrif buyurub, bir müddətdən sonra isə çıxıb gedibmiş. Əslində məni narahat edən də bu qısamüddətli ziyarət faktı idi. Görünən budur ki, həmin deputat vurmağa yox, hansısa mesajı məclisə çatdırmaq üçün "canişin"in qapısını döyübmüş.

Mənbəmin bildirdiyinə görə, deputatın ziyarətindən bir qədər sonra “canişin” və şaykası da kef məclisi qurduqları “Batabat” restoranını tərk ediblər.

Ən maraqlısı nədir, bilirsinizmi? Sən demə kef məclisindən çıxarkən özünü qəribə aparan “canişin”in bu hərəkəti restoran itinin də diqqətindən yayınmayıb və it ona hücum edərək barmağını qapıb. İddialara görə, “canişin” həzrətləri bir neçə gün barmağı sarğılı vəziyyətdə işə gəlib və ətrafındakılara deyirmiş ki, öz ev itinin hücumuna məruz qalıb.

Nə gizlədim, bu məlumatı aldıqdan sonra “Batabat” restoranının itinə hörmətim artdı. O, hər halda qapdığı adamdan daha vətənpərvər və yiyəsinə sadiq birisidir. Yox, yox, mən təkcə 20 yanvar günündə şəhidlərin sağlığına badə qaldırmağı demirəm, itlərin təbiətində zatən belə tərbiyəsizlik yoxdur; onlar istəsələr belə, kimlərinsə sağlığına badə qaldıra bilməzlər. Mən həm də onu nəzərdə tuturam ki, “canişini” qapan it öz sahibinin işdən qovaladığı adamın nümayəndəsi ilə hansısa məkanda bir araya gəlib söhbətləşməzdi.

İtlər sədaqətə xüsusi əhəmiyyət verən heyvanlardırlar. Görünür, restoran itinin də “canişin”ə diş atmasının əsas səbəbi onun əməlində sədaqətsizlik əlamətlərini sezməsi olub. Amma etiraf edim ki, itə acığım da gəldi və öz-özümə düşündüm: Ay Allahın heyvanı, qapırdınsa barı elə yerindən qapardın ki, bir həftə kresloda otura bilməzdi də. İt də heç sədaqətini itirmiş şəxslərin barmağından qapar?

P.S. Yazı jurnalistin Feysbuk-dakı səhifəsindən götürülüb.

MİA.AZ