Türkiyədə “Qəfəs-39” əməliyyatları çərçivəsində daha 7 mütəşəkkil cinayətkar qrup çökdürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, başda İstanbul olmaqla, Antalya, Kocaeli, Samsun, Biləcik, Qars və Konyada həyata keçirilən əməliyyatlarda 7 cinayət təşkilatının rəhbərləri və onların silahdaşları qandallanıb: "Ümumilikdə 117 nəfər saxlanılıb, araşdırma gedir".

Nazir bildirib ki, saxlanan şəxslər talan, narkotik vasitələrin istehsalı və qanunsuz dövriyyəsi, qəsdən yaralama, ölümlə hədələmə, sələmçilik, fahişəliyə təşviq, şantaj və silah qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinirlər.

Nazir sonda qeyd edib ki, cinayət təşkilatı quranlara aman verilməyəcək: "Onların boynunun kökündə olacağıq".

Firudin Səfərli

MİA.AZ