Rusiya prezidenti Putinin Türkiyəyə 12 fevralda baş tutacağı deyilən səfəri növbəti dəfə təxirə salınıb.

Doğrudur, səfərin məhz 12 fevrala planlaşdırıldığına dair rəsmi təsdiq yox idi, ancaq həm Rusiyanın, həm də Türkiyənin rəsmi çevrələrinə yaxın media bu haqda mötəbər mənbələrinə əsaslanaraq, məlumat yaymışdılar.

Rusiya prezidentinin mətbuat katibi Peskov səfər hazırlığının davam etdiyini bildirib, ancaq yenə də dəqiq tarix açıqlamayıb.

Hazırda Qərbin təbliğat maşını dərhal bu hadisəni Rusiya ilə Türkiyə arasında hansısa razılaşmaların əldə edilə bilmədiyi, Türkiyənin ABŞ-la yenidən sövdələşdiyi və Putinin də bundan narazı qalması tezisləriylə “əsaslandrmağa” çalışsalar da, reallıqlar tam əksini söyləyir.

Görünən odur ki, 2015-cı ildən bu yana Rusiya-Türkiyə yaxınlaşmasının qarşısını almağa çalışan, bu məqsədlə təyyarə vurulmasına, səfir qətlinədək gedən qüvvələrin Türkiyədə növbəti təxribat cəhdlərinin önlənilməsi üçün səfərin vaxtı üzərində informasiya əməliyyatları aparılır və dəqiq tarixin açıqlanması da hələlik məqsədəuyğun sayılmır.

Xatırladaq ki, Putin hələ ötən ilin aprelində - "Akkuyu" AES-in açılışı zamanı Türkiyəyə getməliydi. Ancaq səfərdən bir neçə gün əvvəl Qərb mətbuatında Ukrayna kəşfiyyatının ona sui-qəsd edəcəyi xəbəri yayıldığından, Putin Türkiyəyə getmədi, sentyabrda Ərdoğanla Rusiya ərazisində - Soçidə görüşməli oldu...

Hazırda Putinin Türkiyəyə nəzərdə tutulan səfərinin gerçəkləşməsinin həm Rusiya, həm Türkiyə, həm də Rusiya-Türkiyə münasibətlərində əsas körpü - bağ rolunu oynayan Azərbaycan üçün əhəmiyyəti hədsiz dərəcədə böyükdür.

Hər şeydən əvvəl, Azərbaycanla Ermənistan arasında bütövlükdə Cənubi Qafqazı əməkdaşlıq və sabitlik məkanına çevirəcək sülh sazişinin tezliklə imzalanıb-imzalanmayacağı da Ərdoğan-Putin-Əliyev məsləhətləşmələrinin yekun qərarından asılı olacaq.

Putinin amerikalı jurnalist Taker Karlsona ABŞ-ın dünya siyasətini ifşa edən 2 saatlıq müsahibəsi bir daha təsdiqlədi ki, qlobal toqquşma nöqtələrində - dəhlizlər və bazarlar uğrunda Rusiyanın Qərblə strateji qarşıdurması hələ uzun müddət sürəcək, Rusiya özünü buna tam hazırlayıb və qətiyyən geri çəkilmək niyyətində də deyil.

Şübhəsiz ki, rəsmi Kremlin bu savaşda yenilməməsi təkcə Çinlə yox, həm də bütövlükdə İslam dünyasıyla yaxınlaşma, onları özünə müttəfiq edə bilmək bacarığından asılı olacaq.

Rusiya-Qərb savaşının Cənubi Qafqaz cəbhəsindəki toqquşmasının ilk raundundan qazancla çıxan Azərbaycan-Türkiyə ittifaqı da, bəzi qərbpərəst siyasətçilərin arzularının və təbliğ etdiklərinin əksinə olaraq, Qərbin şirnikləndirici vədlərinə aldanmamalı və sanksiya təhdidlərindən, “rəngli inqilab” ssenarilərindən çəkinməməli, qonşusu, nüvə və sərvət nəhəngi Rusiyanın dəyişən Cənubi Qafqaz-Mərkəzi Asiya-Yaxın Şərq strategiyasını fürsətə çevirərək, onun İslam dünyasıyla yaxınlaşma siyasətinin əsas məhək daşları olmalıdır.

Çünki gələcəyin daha böyük savaşı sayılan ABŞ (NATO) - Çin qarşıdurmasından biz yalnız bu halda qoruna, salamat çıxa, həm də sürətlə inkişaf edə bilərik.

MİA.AZ