İspaniyada barda 23 yaşlı qadını zorlamada ittiham olunan məşhur brazilyalı futbolçu Dani Alvesin məhkəməsi başa çatıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Barselona Əyalət Məhkəməsində keçirilən üç günlük məhkəmə prosesinin son günündə ifadə verən Alves prokurorun suallarını cavablandırmaqdan imtina edib.

Alves yalnız vəkilinin suallarını cavablandırıb. O, hadisə günü gecə çox sərxoş olsa da, 23 yaşlı qadınla öz razılığı ilə cinsi əlaqədə olduğunu iddia edib.

İfadəsi əsnasında ağlayan Alves vəkili vasitəsilə bəraət hökmünün çıxarılmasını istəyib və 1 il həbsə, üstəgəl, 50 min avro təzminat ödəməyə hazır olduğunu bəyan edib.

Məhkəmədə ifadə verən Kataloniya polisi diskotekadan olan video çəkilişlərə əsaslanaraq zorlama iddialarını təsdiqləyib.

Alves tərəfindən zorlandığını deyən gənc qadın da şikayətinin üstündə durub: "Onu ilk dəfə diskotekada görüb salamlaşdığım mənə yapşıraq əl çəkmədi...".

Hadisədən dərhal sonra polisə müraciət etməməsinin səbəbini belə izah edib: “Qorxdum ki, mənə inanmayacaqlar, elə biləcəklər pul güdürəm. Ancaq bacım hadisəni bilən kimi, o, ilk əvvəl polisə şikayət elədi...".

Braziliyalı futbolçunun həyat yoldaşı model Joana Sanz bildirib ki, Alves hadisə baş verən gecə evə içkili gəlib və dərhal yatıb.

Qeyd edək ki, prokurorluq ittiham üzrə ona 9 il cəza tələb edib. Zorlanan qadının vəkili isə 12 il həbs və 150 min avro təzminat istəyir.

Davanı izləmək üçün 270 mətbuat mənsubu akkreditasiyadan keçib.

Məhkəmə hökmünün bir neçə günə açıqlayacaq.

Fərid Aslan

MİA.AZ