Yayda "Fənərbağça"dan Premyer Liqa təmsilçisi "Mançester Yunayted"ə transfer olunan Altay Bayındır açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, “Mançester Yunayted”də oynayan ilk türk futbolçu olduğu üçün “Old Trafford”da Türkiyə bayrağının dalğalanmasından danışıb: "Bu, mənim üçün həqiqətən təsvirolunmaz hiss idi. "Mançester Yunayted"də oynayan ilk türk futbolçu olmaq və bayrağımızın Old Traffordda dalğalanması sözlə təsvir edilə bilməz. Bunu necə izah etmək olar, bilmirəm, amma bunu bir sözlə deyə bilərəm: qürurvericidir”.

25 yaşlı qolkiper İngiltərədə özünü yad kimi hiss etmədiyini bildirib: "İngiltərəyə gəldiyim ilk gündən hamı mənə çox dəstək oldu. Komanda yoldaşlarım, məşqçilərim... Hamısı mənimlə çox maraqlanırlar. İndiyə qədər özümü heç vaxt yad hiss etməmişəm. Hava bir az soyuqdur, yağışlıdır, amma bu havanı çox sevirəm. Ölkənin mədəniyyətini və tarixini sevirəm. Diqqət edirəm və öyrənməyə çalışıram. Həm "Mançester Yunayted" azarkeşlərinin, həm də türk xalqımızın mənə göstərdiyi dəstək məni çox motivasiya edir. Hər dəfə meydançaya çıxanda bu motivasiya ilə çalışıram. Burada təkcə özümü deyil, ölkəmi də təmsil edirəm".

Fərid

MİA.AZ