Bərdədə vətəndaşı özünü öldürmə həddinə çatdırma faktı ilə bağlı cinayət işi başlanıb.

Mia.az xəbər verir ki, bu barədə Bərdə Rayon Prokurorluğu məlumat yayıb.

Ötən ilin 12 noyabr tarixində Bərdə rayon sakini 2000-ci il təvəllüdlü Aytən Qurbanovanın sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla İsmayıllı rayonu sakini 1995-ci il təvəllüdlü Qüdrət Hacıbabayevin “İnstagram” sosial şəbəkəsində saxta istifadəçi hesabı yaradaraq Aytən Qurbanovaya məxsus fotoşəkilləri paylaşmaqla təhqir etməsi və böhtan atması, habelə onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatırma) və 148-1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.