İnternet televiziyalarından birinin əməkdaşı Sevinc İbrahimovanın törətdiyi qəzaya görə qazi aylarla işsiz qalıb. Vətən Müharibəsi iştirakçısı Məhəmməd Nəsirov məsələ ilə bağlı Avtosfer.az-a müraciət edib.

Mia.az-ın məlumatına görə, o, iddia edir ki, ötən il oktyabrın 24-də özünü vəzifəli şəxs kimi təqdim edən Denis adlı oğlan, Qazaxıstan vətəndaşı, telejurnalist Sevinc İbrahimova və yaxın dostları Aydın Nəsirov küçəsində yerləşən “Manqal” restoranında yeyib-içiblər: “Sonra saat 23 radələrində Sevincin xanımın rəfiqəsi Şepel Viktoriya mənə məxsus "Kiosk N-9" ASC-ya yaxınlaşıb. Bu zaman Sevinc İbrahimova Denisin "Bentley Bentayga” markalı, MO11YX777 qeydiyyat nişanlı avtomobilinə əyləşərək onun üzərinə sürüb. Nəticədə Şepel Viktoriya Volodimirvnaya aldığı xəsarətdən ölüb, mənim isə köşkümə ciddi ziyan dəyib. Qəza zamanı köşkdə çalışan iki işçim – Nəsirov Nihat və Nəsirli Nicat xəsarət alıb və onları xəstəxanaya aparmışam”.

Məhəmməd Nəsirov bildirib ki, hadisə yerinə gəldikdə tanışlarının dağılmış məhsulların az bir qismini (təxminən 2 min manat dəyərində) topladıqlarını görüb: “Qəza nəticəsində mənə 13 min manata yaxın ziyan dəyib. Dəymiş ziyan heç bir şəkildə ödənilmir. Hadisədən sonra Denis mənə yaxınlaşıb bildirib ki, o vəzifəli şəxsdir. Sevinc İbrahimovanın vəkili Pərvin Məmmədov isə ziyanın qarşılığında sadəcə 3 min manat ödənilə biləcəyini təklif edir. Bu isə məni qane etmir. Oktyabrın 25-də faktla bağlı Səbail Rayonu Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb”.

Qazi vurğulayıb ki, dəymiş ziyanla yanaşı hadisədən indiyə kimi işsiz qalıb. Bu da onun üçün maddi problem yaradır: “Çünki köşk dağıldı, hələ də bərpa etməyiblər. Mən ən azı ayda 1000 manat qazanırdım. İşçilərim də maaş alırdı. Hazırda bu gəlirdən məhrum olmuşuq. Hadisəni törədən Sevinc xanımla görüşə bilmirəm. Denis adlı şəxs də ortaya çıxmır. İşçilərimə dəyən ziyana görə pul ödədilər. Qəza zamanı başqa maşını vurub əzmişdi. Onun da pulunu ödədilər. Ancaq mənə dəyən ziyanı ödəmirlər. İşlətdiyim köşkün sahibi şəhid xanımıdır. O da neçə aydır gəlirdən məhrum olub”.

Qarşı tərəf olan Sevinc İbrahimovanın vəkili Pərvin Məmmədov isə bu barədə Avtosfer.az-a bildirib ki, humanist yanaşaraq vətəndaşa 3 min manat pul təklif olunub: “Qeyd edilən məsələdə dəymiş ziyan müqabilində maksimum 5 min manat pul ödənilə bilər. Qarşı tərəf tələb etdiyi məbləği almaq üçün ona dəymiş ziyanı sənədlərlə sübut etməlidir. Bu halda sübut olunan məbləği ödəməyə hazırıq”.

Qeyd edək ki, Sevinc İbrahimova həbs edilməyib. İdarə etdiyi maşınla rəfiqəsini öldürən həmin şəxs yerli telekanallardan birində çalışırdı. Lakin hadisədən sonra onu məzuniyyətə göndərib işdən azad ediblər.

Fərid