“Misli” sayt vasitəsiylə mərc edən müştərilərini vaxtaşırı aldadır. Onlara hədsiz aşağı əmsal, məhdud seçim imkanları verən şirkət canlı oyunlar zamanı hesabları səhv təqdim etməkdən də çəkinmir.
Bu cür hallarla bağlı şikayət edən müştərilərə verilən cavablarsa adətən eyni olur: “Texniki problemdir”.
Maraqlıdır ki, belə texniki problemlər həmişə müştərilərin ziyanına, şirkətin isə xeyrinə baş verir. Yəni, şirkət öz inhisarçı mövqeyindən istifadə edərək müştərilərin hüquqlarını tapdalayır, onlara heç əlavə izahat verməyi də lazım bilmir.
Növbəti belə hadisə ötən həftəsonu yaşanıb. Belə ki, İspaniya La Liqasında kral klubu “Real” doğma meydanda “Almeriya”nı qəbul edib. Turun ən maraqlı qarşılaşmaların biri xeyli drammatik alınıb. Turnir cədvəlinin sonuncu pilləsində yer alan qonaqlar görüşün 1-ci dəqiqəsində meydan sahiblərinin qapısına yola tapıb. “Almeriya” fasilə ərəfəsində daha bir qol vuraraq ilk hissəni 2:0 hesabıyla öndə qapadıb.
Sözsüz ki, oyunun favoriti sayılan “Real”ın fasiləyə 0:2 hesabıyla geridə yollanmasımeydan sahiblərinin qələbə əmsalını xeyli yüksəltmişdi. Bu da mərc həvəskarlarının diqqətini cəlb etməyə bilməzdi. Sözsüz ki, həmin fürsəti dəyərləndirmək istəyən “mərcbazlar” da fasilədə gedişatın dəyişəcəyinə pul qoyuluşu ediblər. Oyunun nəticəsi də onların proqnozlarını doğruldub. 57-ci dəqiqədə hesab arasındakı fərqi azaldan “Real” bundan 10 dəqiqə sonra məğlubiyyətdən qaçmağı da bacardı. Əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə isə Karvahal “kral klubu”na qələbə gətirən qolu vurdu və görüş “Real”ın 3:2 hesablı qələbəsiylə yekunlaşdı.
Əsl həngamə də bundan sonra yaşanıb. “Misli” canlı mərc edən müştərilərinin uduşlarını verməyib, şirkət “Real”ın qələbəsinə pul qoyuluşu edənlərin mərcini 1 əmsala vuraraq geri qaytarıb. Uzun sözün qısası, 0:2 hesabı zamanı “Real”ın qələbəsinə inananlar uduşsuz qalıb.
Bununla bağlı sosial şəbəkələrdə xeyli etiraz səslənib. Müştərilərdən biri bununla bağlı “Misli”nin dəstək xidmətinə yazsa da, eşitdiyi cavab standart olub: “Real” – “Almeriya” oyununda canlı mərc zamanı açıq qalan marketlər olduğu üçün bütün mərclər 1 əmsalı ilə dəyərləndirilmişdir”. Sual olunur, “marketləri açıq saxlayan” kim idi?
Müştəri, yoxsa şirkətin özü? Sözsüz ki, müştərinin sayta müdaxilə imkanı yoxdur. Deməli, günah şirkətdə olub. Belə olan halda müştəri şirkətin səhvindən nə üçün əziyyət çəkməli, uduşdan məhrum olmalıdır?
Ümid edirik ki, bu cür suallar müştərilər kimi, şirkəti də narahat edəcək. Bundan sonra onlar da öz fəaliyyətlərini bir daha nəzərdən keçirəcək.
Poliqon.info