Türkiyə Super Liqasının 22-ci həftəsində "Hatayspor"un "Alanyaspor"la heç-heçə (1:1) ilə bitən oyunundan sonra komandanın baş məşqçisi Volkan Dəmirəl istefa anonsu verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında sualları cavablandıran Volkan Dəmirəl son dəqiqələrdə qol buraxaraq matçdan 1 xalla ayrılmalarına təəssüflənib: "Əgər oyun 85 dəqiqə davam etsəydi, yəqin ki, fərqli yerlərdə olardıq. Amma deyəcək vir şey yoxdur. Bu, futboldur, belə hallar olur".

Volkan Dəmirəl liqadakı aşağı yerdən yuxarı qalxacaqlarına inandığını bildirib: "Allahın izni ilə buradan çıxacaq. Çünki dediyim kimi, bu komandanı biz qurduq, planlaşdırdıq. Bəzi futbolçularla bağlı transfer tələbləri də var. Onları dəyərləndirib transferlərinə icazə verəcəyik. Azarkeşlərimiz hazırkı səviyyəmizdən qane olmaya bilər. Hataylılar razı qalmaya bilər. İstefamı istəyənlər ola bilər. Hamısına hörmət edirəm. Amma bütün məsuliyyət mənə aiddir. Burada nə rəhbərliyin, nə prezidentin, nə də başqalarının heç bir məsuliyyəti yoxdur. Bu komanda üçün hər şeyi mən təşkil etdim. Ona görə də mövsümün sonuna kimi buradayam. Bunu mənim futbolçu dostlarım çox gözəl bilir, prezident də bunu çox gözəl bilir. Mövsümün sonunda gəmini ən yaxşı şəkildə sahilə yanaşdırıb vəzifəmi başa vuracağam”.

Fərid

MİA.AZ