Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.
İstintaq materiallarına əsasən, universitetin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxs Müşfiq Atakişiyev ona edilən ittihamla özünü təqsirli bilməyib. Digər iki təqsirləndirilən - Samir Quliyev və Dəyanət Quliyev isə özlərini təqsirli biliblər.
Daha sonra təqsirləndirilən Samir Quliyev ifadə verib. Onun sözlərinə görə, hadisəni 2011-ci ilin sentyabrın əvvəllərində törədib: "Təqsirləndirilən şəxs Dəyanət Quliyevlə İmişli rayonunda bir məhəllədə böyümüşük, uşaqlıqdan dostluğumuz olub. Dəyanət mənə dedi ki, bir nəfər var, məni və dayımı təhdid edir. Məni aparıb o şəxsin həmişə idman etdiyi yeri göstərdi. Ancaq onun kimliyi və ya şəxsiyyəti barədə qəti heç nə demədi. Onu bir neçə gün idman yürüşü etdiyi yerdə izlədim. Tək olduğu anda arxadan yaxınlaşıb Dəyanətin mənə verdiyi dəmir dəyənəklə başının arxasına 2 güclü zərbə vuraraq hadisə yerindən uzaqlaşdım. Sonra taksiyə oturub birbaşa İmişliyə getdim. İşin icrası ilə bağlı Dəyanətə məlumat verdim. Hadisədən 3 il sonra onunla cəmi 1 dəfə görüşdük. Mənə əvvəlcədən demişdi ki, əgər tutulsan, türmədə sənə baxacam. Arada mənə 300, 500 və ya 1000 manat verirdi".
Daha sonra digər təqsirləndirilən şəxs Dəyanət Quliyev dindirilib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Samir Quliyev onun uşaqlıq dostu, Müşfiq Atakişiyev isə dayısıdır: "Yüngül biznesim olub və Samirə hər zaman maddi-mənəvi dəstək göstərmişəm. Rəhmətlik Tariyel Əhmədovla çox yaxşı münasibətim olub. Lakin son vaxtlar fikir verdim ki, mənə qarşı da soyuqluğu var. Samirlə görüşüb dedim ki, bir nəfər var, məni incidir və onu yaxşıca əzişdirməyini istəyirəm. O isə buna etiraz etmədi və maşınımın baqajından dəmir turbanı ona verdim. Daha sonra Samiri mərhumun həmişə idman etdiyi əraziyə aparıb onu uzaqdan tanış etdim. Polisdən öz istəyimlə çıxmışam. Daha sonra dayım təqsirləndirilən şəxs Müşfiq Atakişiyevdən 4 min manat pul istədim. Çoxlu borcum var idi, özümü öldürmək istəyirdim. 102-yə zəng edərək hadisəni özüm etiraf etmişəm".
Prosesdə ifadə verən təqsirləndirilən şəxs Müşfiq Atakişiyev əvvəllər mərhum Tariyel Əhmədovla möhkəm dostluq münasibətlərinin olduğunu və onun qətlini sifariş vermədiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, mərhumla münasibətlərinin pisləşməsi o, rektor təyin olunandan sonra olub: "Tariyel Əhmədov mənim rektor təyin edilməyimə qısqanclıqla yanaşırdı. Deyirdi ki, səni bir yolla həbs etdirəcəm. O, hər zaman düşünürdü ki, mən onu aldadıram. Onun güclü əlaqələri olduğu üçün məni həbs etdirmək potensialı var idi. Məni şantaj edirdi. Təqsirləndirilən şəxs Dəyanət Quliyev mənim bacım oğludur. Ona atalıq etmişəm və o ailəyə mən baxmışam. Mən 2011-ci ilin avqustunda məzuniyyətdən qayıdanda dedilər ki, sentyabrda Tariyeli sənin yerinə təyin edəcəklər. Dəyanəti çağırıb dedim ki, o adama elə xəsarət yetir ki, 2 ay işə çıxmasın. Dəfələrlə dedim ki, onu öldürmə, çünki işi məndən biləcəklər. Mən özümü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilmirəm. Bu hadisədən sonra Dəyanət məndən 4 min manat pul istədi. Mənə dedi ki, qumarda pul uduzub, təcili lazımdır, mən isə qumar amilinə görə vermədim. O dedi ki, özümü öldürəcəm və hər şeyi polisə deyəcəm".
Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.