“Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Mia.az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.(APA)
***
"Abzas media" işi çərçivəsində Elnarə Qasımova saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə faktı “Report”a onun vəkili Bəhruz Bayramov və DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.
B.Bayramovun sözlərinə görə, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Vəkil, eyni zamanda bildirib ki, müvəkkili "Abzas Media" işi ilə bağlı saxlanılıb.
Qeyd edək ki, “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova və Hafiz Babalı qaçaqmalçılıq ittihamı ilə həbs olunublar.