Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, bu istiqamətdə Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Bakının Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş paytaxt sakini Zaur Hacıyev və tanışı Bəhruz Cəbiyev saxlanılıblar.
Onların üzərindən və B.Cəbiyevin idarə etdiyi avtomobildən ümumilikdə 32 kiloqram, o cümlədən 26 kiloqram heroin və 6 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Cəlilabad rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.