Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun məhkəməsi başlayıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən şəxs 2011-2016-ci illər ərzində Laçın rayon Mərkəzi xəstəxanasında baş həkim vəzifəsində çalışıb. 2017-ci ilin aprelindən 2018-ci ilin mayınadək isə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi olub.

İş üzrə 3 zərərçəkmişlər müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyidir.

Əldə edilən məlumata görə, təqsirləndirilən şəxsin dövlətə vurduğu zərər 1 milyon 646 min manatdan artıqdır. D.Əsədovaya qarşı isə 260 min manat zərər vurulub.

Təqsirləndirilən şəxsin vəkili işə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb.

Hər iki tərəfin müdafiəçilərinin vəsatətlərinin çox olması səbəbindən məhkəmənin hazırlıq iclası yanvarın 25-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.