ETİBAR ƏLİYEV,

MİLLƏT VƏKİLİ

***

Təhsil nazirliyində işlədiyim dövrdə Kollegiya İclaslarında qəbul olunan qərarlar geniş müzakirələrə səbəb olurdu. İclaslarda ölkə təhsilinin inkişafı naminə Kollegiya üzvləri ilə yanaşı iştirakçıların da təklifləri dinlənilirdi.

Mən 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş rəhmətlik professor Murtuz Ələsgərovun Kollegiya iclasında çıxışının şahidi olmuşam. Kollegiya bütün nazirliklərin o cümlədən Təhsil nazirliyinin əsas orqanı olmalıdır. Kollegiallıq (lat. collegium – birlik, yoldaşlıq) — ümumi əhəmiyyətli işlərin bir qrup şəxslər tərəfindən ümumi (kollegiya) müzakirəsi və həlli; kollegial orqanın həyata keçirdiyi rəhbərlik metodu; təkbaşına idarəetmənin alternatividir.

Təhsil Nazirliyi hələ indiki kimi avtoritar idarəçilik görməyib. Demək olar ki, Kollegiya iclasları keçirilmir. Nazirliyin Kollegiyasının tərkibinin (üzvləri) kimlərdən ibarət olması da cəmiyyətə bəlli deyil. Təhsil sistemləri avtoritar idarəetmədən qaçırlar. Gözqamaşdırıcı bioqrafiya (Sorosun yaratdığı Macarıstandakı Mərkəzi Avropa Universiteti, Kolumbiya Universiteti) ilk baxışdan pis təəsurat bağışlamır. Ancaq ifrat dərəcədə avtoritar və xətti təfəkkürlə rastlaşanda dəhşətə gəlirsən. Təhsil aldıqları ölkələrin universitetlərindəki dəyərlərin birini belə xatırlamırlar. Ali məktəblərin idarəçiliyini, maliyyəsini tamamilə əllərinə alıblar, Universitet Elmi Şuralarında müzakirə olunan məsələlərə nəzarət edirər, kollecləri tamam sıradan çıxarıblar, orta məktəbə laborantı da özləri təyin edir, məktəb qrantlarını özləri idarə edirlər. Bir nəfərə iki böyük vəzifə verir. Açıq-aşkar dövlət idarəçiliyinin prinsiplərinə saymamazlıq edir. Qərb təfəkkürü belə olur? Bu nəsə başqa şeydir. Vaxtilə ölkə ali təhsilinin flaqmanları olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Neft və Sənaye Universiteti kollec səviyyəsinə düşüb. Elm və təhsil nazirinin müavinlərini cəmiyyət tanımır. Bunların hər biri bir neçə sahənin kuratorudur. Deyir ki, sinifdə 40 şagirdin olmasının keyfiyyətə təsiri yoxdur. Təkcə bu ağılsız fikir olsaydı, dərd yarı olardı. Ardınca üzərində xeyli vaxt sərf edib yaratdığı qruplaşma onun müdafiəsinə qalxır. Sinqapurla müqayisə aparırlar, pedaqoji prinspləri ayaq altına atırlar. Sinif üzü görməyənlər və müqayisə tədqiqatlarının əlifbasını bilməyənlər cəmiyyəti çaşdırırlar. Obama Amerika Birləşmiş Ştatlarında “İlin müəllimi”ni təltif edəndə həmin şəxs maraqlı bir fikir söylədi: “Biz təhsilin keyfiyyətində çoğrafiya faktorunu aradan qaldırmalıyıq.” Bakıda 1000-lərə şagirdin adı rayon və kənd məktəblərində gedir. Burada repetitor yanındadırlar. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Regionlarda və Bakı şəhərində 100-lərə Avropa standartlarına uyğun məktəblər inşa olunub. Bu nəcib işlər həm də şagird sıxlığının aradan qaldırılması məqsədilə görülür. Dövlət Xalqın savadlanması naminə bütün zəruri işləri görür. Bu faydalı işlərin müqabilində yuxarı sinif şagirdləri demək olar ki, dərslərə gəlmirlər.

Sinqapurda, Finlandiyada şagird qiymətlərinin şişirdilməsi olur?

Fakt: 2021/2022-ci tədris ilində Gəncədə attestat qiymətləri “əla” olan şagirdlərin 16 faizi 0-200 bal toplayıb, 500-dən yuxarı nəticə göstərənlər isə 26 faiz olub. Gədəbəydə attestat qiyməti “əla” olan şagirdlərin 15,34 faizi, Goranboyda 23,5 faizi, İmişlidə 18 faizi, Qazaxda 12 faizi, Lerikdə 29 faizi, Lənkəranda 9 faizi, Salyanda 13 faizi, Tərtərdə 19,5 faizi, Tovuzda 15,5 faizi, Sumqayıtda 5,6 faizi 0-200 bal toplayıb və s. Hər ölkənin Orta təhsilinin məqsədləri var və yorulmadan, usanmadan hədəfə çatmaq üçün hər gün çalışırlar. Biz isə hələ də Orta təhsilin məqsədlərini müəyyənləşdirə bilməmişik. Nazirdən sitat: “Biz 10-11 siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, 10 və 11 -ci siniflər nə üçündür?” Dördüncü Sənaye İnqilabının Cəmiyyətində Orta təhsilin məzmununda hələ də rasionallıq yoxdur. Sadəcə bir şeyi xatırlamaq istəyirəm: XXI əsrdə yaşayırıq və belə təfəkkürə görə bizə gülürlər.

P. S. Sinqapurla şagird sıxlığını müqayisə edənlərin nəzərinə bir məsələni də çatdırmaq istəyirəm. Azərbaycanda 4500 Ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Sinqapurda isə bu tip məktəblərin sayı 359-dur. Bunlardan 185-i İbtidai, 174-ü isə Orta məkəblərdir və siniflər üzrə şagird sıxlığı 33-34 nəfərdir.

MİA.AZ