2011-ci ildə narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq və qətl kimi cinayətlərə görə Ekvadorda 34 il həbs cəzasına məhkum edilmiş məşhur "Los Çoneros" mafiyasının lideri, “Fito” ləqəbli Xose Adolfo Macias Villamar Quayaquil həbsxanasından yoxa çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hazırda onun yenidən həbsi üçün 3 mindən çox polis səfərbər edilib
Məlumata görə, “Fito”nun həbsxanadan necə yoxa çıxması, harada gizlənməsi bəlli deyil: "Fakt hərtərəfli araşdırılır. Hazırda təhlükəsizlik qüvvələri qaçdığı güman edilən Villamarın tapılması üçün genişmiqyaslı əməliyyata başlayıb".
Hadisə barədə açıqlama verən Prezidentin sözçüsü Roberto İzurieta bildirib ki, mafiya lideri tezliklə tapılacaq: "Hüquq-mühafizə qüvvələrinin qətiyyətinə gücənirik".
Xatırladaq ki, Xose Adolfo Macias Villamar 2011-ci ildə narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq və siyasi və kriminal qətllər kimi müxtəlif cinayətlərə görə 34 il həbs cəzasına məhkum edilib. O, Ekvadorda prezidentliyə namizəd Fernando Villavicencionun qətlində də ittiham olunub.
"Fito" ötən ilin avqust ayında keçirilən böyük əməliyyatla yüksək təhlükəsizliklə qorunan La Roka həbsxanasına köçürülüb. Ancaq mafiya lideri sentyabrda məhkəmənin qərarı ilə Quayaquil bölgəsindəki həbsxanaya geri göndərilib.
Villamarın rəhbərlik etdiyi "Los Choneros" mafiyası ölkədəki əsas həbsxanalara nəzarət etməklə də tanınır.
Firudin Səfərli
MİA.AZ